
Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, böyük alim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim oftalmoloq idi. Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və görkəmli alimin istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Zərifə Əliyevanın fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik alim, pak və nadir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün bu gün də həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu yaxınlardan tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalmış, qalacaq və parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaqdır.
Bu il Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyidir və 100 illiklə əlaqədər respublikada bir çox tədbirlər planı həyata keçiriləcək. Allah Zərifə xanım Əliyevaya rəhmət etsin. Onun ruhu şaddır. Biz onun yubileyi ərəfəsində özünün işığına toplaşacağıq.
Samiyə Abdulkərimova,
12 saylı şəhər poliklinikasının baş həkimi