AnalitikaGündəmSosial

Zərifə Əliyeva ailə dəyərləri və ictimai məsuliyyəti uğurla birləşdirən nadir şəxsiyyətlərdən olmuşdur

Bu gün Azərbaycan elminin, ziyalılıq ənənəsinin və qadın ləyaqətinin parlaq simalarından biri – akademik Zərifə xanım Əliyevanın anım günüdür. O, təkcə görkəmli oftalmoloq-alim deyil, həm də nəciblik və müdriklik rəmzi kimi yaddaşlarda əbədi yer tutub.

Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli alim, nüfuzlu dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Azərbaycan SSR-in əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olub. Zərifə xanım 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, 1982-1985-ci illərdə oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

Zərifə xanım Əliyeva hələ Sovet dövründə qadınlar üçün o qədər də asan olmayan bir zamanda elmdə öz sözünü deməyi bacardı. Onun oftalmologiya sahəsində apardığı elmi-tədqiqatlar təkcə Azərbaycanın deyil, bütövlükdə keçmiş SSRİ məkanının tibb elminə töhfə verdi. Xüsusilə peşə xəstəliklərinin göz sağlamlığına təsirinə dair araşdırmaları bu sahənin inkişafında mühüm mərhələ oldu. Elmi işləri ona böyük nüfuz qazandırdı, bir çox beynəlxalq konfranslarda ölkəmizi layiqincə təmsil etdi.

Amma Zərifə xanımı yalnız elmi nailiyyətlərlə tanıtmaq yetərli deyil. O, yüksək mənəviyyat sahibi idi. Sadə, mehriban, qayğıkeş insan idi. Hər zaman başqalarının dərdinə şərik olur, ehtiyacı olanlara əl uzadırdı. Ailəsinə, övladına, xüsusən də həyat yoldaşı Heydər Əliyevə olan sonsuz sevgisi və dəstəyi ilə nümunəvi qadın obrazı yaratmışdı. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Zərifə xanım həm də Azərbaycan qadınının gücünü, zərafətini və intellektual potensialını birləşdirən nadir şəxsiyyətlərdən idi. Onun həyat yolu bugünkü və gələcək nəsillər üçün böyük örnəkdir. O, sübut etdi ki, qadın olmaq – yalnız ailəyə deyil, cəmiyyətə də işıq saçmaq deməkdir.

Zərifə xanım Əliyeva cəmi 61 il yaşayıb, 1985-ci il aprelin 15-də dünyadan köçüb. Onun xatirəsi dövlətimiz və xalqımız tərəfindən layiqincə əbədiləşdirilib. Bu gün Zərifə xanım Əliyevanın xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Onun ömür yolu bir şəfqət, bilik və mərhəmət məktəbidir.

Ruhu şad, məkanı cənnət olsun. O, heç zaman unudulmayacaq.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button