Zəfər seçkisi tarixə yazıldı
Müstəqilliyini anbaan, günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcək respublikamız Uu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, bütün sahələrdə sürətlə inkişaf edərək misilsiz nailiyyətlər qazanır. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi, Böyük qayıdışın reallaşması üçün böyük cəsarət və əzm göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini Ona etibar edir, hər bir işdə Ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İSMAYILOVun oxuculara təqdim edilən geniş təhlili məqaləsi də yola saldığımız 2017-ci ildə ölkə vətəndaşlarının qayğı və problemlərinin dövlət tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edir.
Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. 25 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələrini, müsbət nəticələrini aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir. Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev deyir: “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük… Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”. 2017-ci il ölkədə böyük siyasi və iqtisadi islahatlar ili kimi yadda qalmışdır. Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu məqsədlə Konstitusiyanın preambulasında əksini tapan niyyət və prinsiplərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüş, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq ölkəmizdə vitse-prezidentlik təsisatının yaradılması reallaşmışdır. Bu təsisatın yaradılması olduqca vacib hadisə olaraq ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı indiki dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, dövlətimizin qarşısında qoyulan vəzifələrin reallaşdırılması üçün çox əhəmiyyətli addım olmuşdur. Birinci vitse-prezident təsisatının ölkəmizdə ilk dəfə tətbiq olunması, Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin vəzifəyə son illərdə ictimai-siyasi fəaliyyəti ilə xalq arasında böyük nüfuz və hörmət qazanmış Mehriban xanım Əliyevanın təyin edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, ilk növbədə, onun Azərbaycanı beynəlxalq miqyasda yüksək səviyyədə təmsil etməsi, dövlətə və xalqa xidmət nümunəsi olan işləri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xarici ölkələrdə həyata keçirdiyi yüksək humanitar missiyalarının və səmərəli fəaliyyətinin böyük rezonans doğurması ilə bağlıdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün göstərdiyi böyük fədakarlığı ilə ümumxalq məhəbbətini qazanmışdır. Azərbaycanda keçirilən beynəlxalq humanitar forumların və böyük idman tədbirlərinin təşkilində, xarici ölkələrdə Azərbaycanla bağlı mədəni tədbirlərin keçirilməsində onun misilsiz əməyi vardır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2017-ci ilin fevralında Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım barədə dediyi sözlər onun fəaliyyətinə verilən obyektiv qiymətdir: “…Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Onun təşəbbüsü ilə təhsil sistemində aparılan ciddi islahatlar, səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi onu xalq üçün əziz insana çevirmişdir. Bir çox xarici ölkələrin yüksək mükafatlarına layiq görülmüş Mehriban xanım Əliyeva ötən ilin dekabrında Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Həmin ordenin təqdimat mərasimində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban xanım Əliyevanı öz ölkəsinin və xalqının həyatında çox mühüm rol oynayan, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi səciyyələndirmiş, Vətənindən uzaqlarda da çox nəcib işlər gördüyünü vurğulamışdır. Ötən ilin yekunları və əsas hadisələri, il ərzində qazanılan uğurların əsas məqamları ölkə Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqa müraciətində konkret və aydın şərh edilmişdir. Azərbaycan Prezidenti ölkənin ötənilki uğurlarından bəhs edərkən nəzərdə tutulan bütün vəzifələrin icra edildiyini, Azərbaycanda sabitliyin təmin olunduğunu xüsusi qeyd etmiş və bu sabitliyin mənbəyinin xalq-iqtidar birliyi olduğunu bir daha vurğulamışdır. Çünki sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Cənab Prezidentin göstərdiyi kimi, bütün sahələrdə inkişafı göz qabağında olan Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənmiş, ölkəmiz özünü ləyaqətli və etibarlı tərəfdaş kimi tanıtmış, regional sabitliyə böyük töhfələr vermiş, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edərək 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları təkcə müsəlman dünyasında deyil, beynəlxalq miqyasda böyük əks-səda doğurmuşdur. Azərbaycan 2016-cı ildə də “Multikulturalizm İli” çərçivəsində dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayaraq, dünya miqyasında dialoq mərkəzlərindən birinə çevrilmiş, “Şərqin İsveçrəsi” şöhrətini qazanmışdır. 2017-ci ilin sonunda Bakıda keçirilmiş və “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş beynəlxalq konfransda dünyanın 40-dan artıq ölkəsindən 150-dən çox nümayəndə iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışında irəli sürülən həmrəylik konsepsiyaları həm İslam aləmində, həm də dünyada sülhün, tolerantlığın, Azərbaycan multikulturalizminin təşviqinə böyük töhfə idi. Ölkə Prezidenti ötən il dünyanın 14 ölkəsinə 20-dən çox səfər etmiş, Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının olduğunu sübuta yetirmiş, dünyada ölkəmizə marağın gündən-günə artmasına, onun iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə təkan vermişdir. Cənab Prezident il ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak və çıxış edərək, beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlar aparmışdır. Bütün bunlar Azərbaycanın beynəlxalq əlaqələrinin və mövqeyinin daha da güclənməsinə və genişlənməsinə xidmət etmişdir. Təsadüfi deyildir ki, dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycanın müsbət imicini təsdiq edən çoxsaylı materiallar dərc olunur, əksər beynəlxalq reytinq cədvəllərində ölkəmiz gündən-günə irəliləyir. Azərbaycan vətəndaşları dünyanın bir çox ölkələrinə viza almadan səfər edə bilirlər. Azərbaycan Prezidentinin 2018-ci il 31 yanvar tarixli Fərmanı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün respublikanın hava limanlarında “ASAN Viza” sisteminin tətbiq edilməsi ölkəmizin müsbət imicini daha da gücləndirir. Hazırda Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər istər Avropa, istərsə də Şərq ölkələrinin tanınmış mətbuat orqanlarının diqqət mərkəzindədir. Dünyanın 193 ölkəsində olmuş amerikalı səyyahın məşhur “USA today” informasiya agentliyi üçün bu günlərdə hazırladığı reytinqdə Bakı şəhəri turizm üçün gözəl və ən sabit şəhər adlandırılmışdır. ABŞ-ın nüfuzlu nəşrlərindən biri olan “The Washington Times” qəzeti Azərbaycanın “Odlar yurdu”, onun paytaxtı Bakının isə “Şərqin Parisi” adlandırıldığını, “mədəniyyətlərin və sivilizasiyaların Bakıda qovuşduğunu” yazır, Azərbaycanı idmançıların öz istedadlarını göstərmək üçün “bütün dünyada ən ideal yer” hesab edir. Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsindən bəhs edərkən 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin 2050-ci ilə qədər uzadılmasına dair yeni sazişin imzalanmasını, bunun ölkəmizə milyardlarla dollar gəlir gətirəcəyini, təkcə verilən bonusun 3 milyard ABŞ dollarından çox olduğunu, “Cənub Qaz Dəhlizi”nin və TANAP layihəsinin son mərhələyə qədəm qoyduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli tərəfdaşa çevrildiyini də diqqətə çatdırmaq lazımdır. Azərbaycan iqtisadi inkişafına düşünülmüş və məqsədyönlü daxili və xarici siyasət yeritməklə, maliyyə resurslarından bacarıqla və uzaqgörənliklə istifadə etməklə nail olur. Aparılan düzgün iqtisadi siyasət nəticəsində müstəqillik illərində büdcəsi ildən-ilə artan Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin xərcləri Qırğızıstandan 5,8, Moldovadan 5,5, Tacikistandan 4,9, Ermənistandan 4, Gürcüstandan 2,4 dəfə, Latviyadan 64, Özbəkistandan 56, Belarusdan 17, Litvadan 12, Türkmənistandan 10 faiz çoxdur. Ölkə Prezidenti haqlı olaraq deyir: “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq, heç kimdən dilənmirik, heç kimə yalvarmırıq”. Özünü bütün regional layihələrdən kənarda qoymuş və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın bu gün 7 milyard ABŞ dollarınadək borcu vardır, bu da onun ÜDM-nin 60 faizindən çoxdur. İqtisadiyyatın iflas həddinə çatması əhalini son dərəcə narazı salmışdır. Azərbaycanın iqtisadi qüdrəti həm də onun müdafiə qüdrəti deməkdir.
Bu gün Azərbaycan Ordusu nəinki regionun, həmçinin dünyanın orduları sırasında öz texniki təchizatına, potensialına, nizam-intizamına, kadr hazırlığına, mütəşəkkilliyinə görə yüksək qiymət verilən ordulardan biri hesab edilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu ən prioritet məsələlərdən biri sayaraq, ordumuzun müasir vəziyyəti ilə fəxr etdiyini dəfələrlə bəyan edərək demişdir: “Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir”. Ordumuzun gücünü aprel döyüşlərində görən düşmən daim səksəkə içindədir. Çünki istər insan resursları, istərsə də bütün digər parametrlər üzrə onlar öz zəifliklərini dərk edir və görürlər ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Ordumuz torpaqlarımızı azad etməyə və düşmənə sarsıdıcı zərbə endirməyə daima hazirdir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı