Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının qərargahında gənc fəallarla növbəti görüş keçirilib

7 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının qərargahında gənc fəallarla növbəti görüş keçirilib.
İcxeberinfo.az xəbər verir ki, tədbirdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, YAP Sosial Media Qrupunun məsul şəxsi Rəna Süleymanlı, rayon təşkilatının əməkdaşları, eyni zamanda rayonun gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Təvəkkül Əliyev iştirakçılları salamlayıb və qonaqları təqdim edib. Cari il fevralın 7-də ölkədə keçirilən növbədənkənar Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin möhtəşəm qələbə qazandığını xatırladan Təvəkkül Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu və bu dövrün həm rayon təşkilatı, həm də rayon ərazisində yaşayan və işləyən gənclər qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.O həmçinin qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı ölkədə baş verən hadisələrə, əldə olunmuş uğurlara öz mövqeyini bildirməli və dövlətini, xalqını müdafiə etməlidir.
Sonra YAP Şuşa rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi, Elmir Rzayev çıxış edərək yerli təşkilatın sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Elmir Rzayev bildirib ki, YAP Şuşa rayon təşkilatında sosial şəbəkələrdə siyasi işin təşkili hər zaman yüksək səviyyədə təşkil olunub.
Tədbirdə çıxış edən YAP Sosial Media Qrupunun məsul şəxsi Rəna Süleymanlı YAP Şuşa rayon təşkilatında keçirilən görüşü yüksək qiymətləndirib, belə görüşlərin gənc fəallar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda YAP Şuşa rayon təşkilatının fəal sosial şəbəkə istifadəçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallara cavab verilib. YAP Şuşa rayon təşkilatının fəalları çıxış edərək, onlara göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.




