AnalitikaGündəmSosial

Xilaskar

Tarix boyu xalqların taleyində elə şəxsiyyətlər olub ki, onların fəaliyyəti dövlətin və millətin gələcəyini müəyyən edib. Azərbaycan xalqının müasir tarixində belə bir xilaskar missiyasını Ümummilli Lider Heydər Əliyev yerinə yetirmişdir. Onun siyasi uzaqgörənliyi, qətiyyəti və xalqına bağlılığı Azərbaycanın ən ağır dövrlərində dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət etmişdir.

1993-cü ildə Azərbaycan mürəkkəb siyasi və iqtisadi böhran yaşayırdı. Ölkədə hakimiyyət böhranı, daxili qarşıdurmalar və vətəndaş müharibəsi təhlükəsi hökm sürürdü. Müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin gələcəyi ciddi təhlükə altında idi. Belə bir zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası üçün dönüş nöqtəsinə çevrildi.

Ulu Öndər ilk növbədə ölkədə sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi və xalqın dövlətə olan inamını bərpa etdi. Onun rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın inkişaf yoluna çıxmasına şərait yaratdı. Məhz buna görə də xalqımız Heydər Əliyevi müasir Azərbaycan dövlətinin qurucusu və xilaskarı kimi dəyərləndirir.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqlara əsaslanan siyasət ölkəmizin dünya birliyində layiqli yer tutmasına səbəb oldu. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvər gənc nəslin yetişdirilməsi onun fəaliyyətinin əsas istiqamətlərindən idi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın qazandığı böyük nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Heydər Əliyev ideyalarının gücünü və həyatiliyini bir daha nümayiş etdirir.

Xalqımız öz xilaskarını daim hörmət və ehtiramla yad edir. Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətləri tariximizin qızıl səhifələrinə həkk olunmuşdur. Onun zəngin dövlətçilik irsi gələcək nəsillər üçün etibarlı yol göstəricisi olaraq yaşayır və yaşayacaqdır.

İsrayılov Amil,
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button