Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir
Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişafına həsr etmişdır. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ordu quruculuğu sahəsində dövlət siyasətinin bariz nəticəsi olaraq son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin bütün qoşun növləri inkişaf edərək qüvvətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb və döyüş qabiliyyəti artıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmən üzərində qazandığımız Zəfər bunun bariz nümunəsidir.
Prezident İlham Əliyev qeyd edib: “Heydər Əliyevin Azərbaycan tarixindəki rolunun çox böyük əhəmiyyətini, bəlkə də indi tam demək çətindir. Vaxt keçdikcə, zaman keçdikcə, Heydər Əliyevin fəaliyyəti dolğun şəkildə təhlil olunandan sonra biz bu insanın əzəmətini, Azərbaycan xalqına verdiyi töhfəni daha da yaxşı görəcəyik”.
Sübhan Ərəbi,
YAP-ın fəalı