Analitika

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır

1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan, bununla da müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev  nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin dahi liderin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun təməli qoyuldu.

Dövlət müstəqilliyi qazanandan sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bu istiqamətdə ilk öncə müstəqil xarici siyasətin təməlində dayanan vətənpərvərlik, Azərbaycanın tarixi yaddaşının bərpası istiqamətində Ulu Öndər tərəfindən atılmış qətiyyətli addımlar, milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş tədbirlər əsas rol oynadı.

Dahi lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində böyük şəxsiyyət, Azərbaycanın ümidi və xilaskarı, rəşadətli sərkərdəsi və qəhrəmanıdır.   Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaradıb.

Bütün sahələrdə -hüquqi dövlət quruculuğunda , islahatların aparılmasında, hərbi quruculuqda, xarici diplomatiyada, milli həmrəyliyin formalaşdırılmasında və digər çox mühüm sahələrdə əvəzedilməz dövlət başçısı, xalqına sədaqətlə xidmət edən oğul olduğunu dönə-dönə təsdiqləmişdir.

Heydər Əliyev yorulmazlığı, müdrikliyi və zəngin intellekti ilə bütün mövcud vasitələrlə Azərbaycanı dirçəldərək dünyada tanıtdı. Ölkəmizin ağır illərində əsrin ən böyük neft müqaviləsinin imzalanması, həmçinin neçə-neçə quruculuq işlərinin, mütərəqqi islahatlarının aparılması Heydər Əliyevin  məqsədyönlü, çətin və şərəfli fəaliyyətinin nəticəsidir.

Bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsi xalqımız tərəfindən hörmət və ehtiramla anılır. Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button