Analitika

Türkiyə və Azərbaycan qardaşlığının siyasi uğurunun nəticəsi

Bu günün hadisələri göstərir ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçını zamanında cəzalandırsaydılar, hazırda bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Reallıqda əksini tapmayan, ədalətin müdafiəsinə çevrilməyən, özləri üçün kağız parçası, amma həllini gözləyən münaqişələr üçün əsas meyar olan sənədlər illərlə icrasını gözləyəcəksə, gözdən pərdə asmaq üçün onları qəbul etməyə ehtiyac varmı? Bu gün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin, eyni zamanda, digər qurumların və dövlətlərin yanaşmalarına, dövlətimizin başçısı İlham Əliyevə zənglərinin mahiyyətinə diqqət yetirdikdə əsas məsələ guya dünyada, regionda sülhün, təhlükəsizliyin qorunması naminə qarşıdurmaların dayandırılmasına çağırışdırsa, reallıqda əsas məqsəd Ermənistana dəstəkdir. Çünki sülhün tərəfdarı olub, danışıqların davam etdirilməsi tələbi ilə çıxış edən dövlət, təşkilat bunu sadəcə söz olaraq deyil, atdığı addımları ilə təsdiqləməlidir. Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaq. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək: «Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Dövlətimizin başçısı «Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib» bəyanatı ilə işğalçı Ermənistana və onun havadarlarına nəyi dərk etməli olduqlarını çatdırır. Ermənistanın baş nazirinin sərsəm bəyanatları «Rossiya-1» telekanalının «60 dəqiqə» proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrə həsr olunan verilişdə tarixi həqiqətlərin inkar edilməsi ilə yanaşı, tərbiyəsizcəsinə bu hücumlara Azərbaycan tərəfinin başladığını, həmçinin qardaş Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsini bildirməsi dövlətimizin başçısı İlham Əliyevin sərt münasibəti ilə cavablandırıldı. Bu barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, indiki dildə desək, feyk-nyus olduğunu qeydindən cənab İlham Əliyev bildirmişdir ki, məqsəd üçüncü dövlətin məsələyə cəlb olunması barədə fikir yaradıb öz çirkin niyyətlərini həyata keçirməkdir.

Dövlətimizin başçısı İlham Əliyev bu yalanlara cavab olaraq bildirir ki, Azərbaycan Ordusu kifayət qədər güclü, təchiz edilmiş ordudur. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu reallığı diqqətə çatdırır ki, əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər… İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq. Dost, qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində, eyni zamanda, sıravi vətəndaşlar tərəfindən də yüksək dəyərləndirilir. Bu gün Azərbaycanla yanaşı, Türkiyədə də hər addımda Azərbaycan və türkiyə bayraqlarına birgə rast gəlinir. Türkiyənin əksər televiziya kanallarını izlədikcə bu qardaşlığın sarsılmazlığını, Azərbaycanın yaşadıqlarını Türkiyənin öz problemi kimi qəbul etməsindən ancaq və ancaq qürur duymaq olar. Qəzetlərdə manşeti Azərbaycan Ordusunun qələbə xəbərləri, dövlətimizin başçısı İlham Əliyevin dünyaya ünvanladığı mesajlar yer alır. İstər Türkiyə Prezidenti, istərsə də digər dövlət rəsmiləri bəyanatlarında Azərbaycanın yanında olduqlarını bildirməklə bərabər, sonadək bu mübarizəni aparacaqlarını vurğulayırlar. Türkiyə vətəndaşlarından dövlətimizin başçısına gələn təbrik və təşəkkür məktublarında da bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Ölkə Prezidenti İlham Əliyev «TRT Haber» televiziya kanalına müsahibəsində bir daha “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin, həmrəyliyin illər keçdikcə daha da möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Keçilən yola baxış əsasında dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil: «Odur ki, biz – bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!Keçilən yola qısa nəzər salanda görürük ki, Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkənin birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik. “Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik: “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”
İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu inam da ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Türkiyənin son illərdə böyük və şərəfli yol keçdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

Əyyub Əliyev
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button