Analitika

Türkiyə münasibətləri ümumilikdə Türk dünyasının birliyinə böyük töhfədir

Azərbaycan və Türkiyə əməkdaşlığının böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Türkiyə dövləti ilə bütün dostluq və qardaşlıq dövrü ərzində hər zaman bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik.  Sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri mühüm hadisə kimi yadda qaldı. Həmin səfər zamanı qardaş ölkə ilə Azərbaycan arasında bir sıra vacib sənədlər imzalandı, İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Bütün  bunlarla yanaşı, Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri həm də bir sıra ölkələrə verilən növbəti mühüm mesaj oldu. Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, möhkəmliyini daha da dərindən bilmək üçün  iki dost ölkənin Prezidentlərinin qarşılıqlı səfərlərinin, imzalanan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir.  Azərbaycan və Türkiyə Prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı. Türkiyənin Azərbaycana dəstəyindən danışan Prezident İlham Əliyev qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı, yaxın olduğunu göstərir. Bu birlik, həmrəylik regionda sabitliyin, sülhün və təhlükəsizliyin qarantıdır. İki qardaş ölkənin əsas hədəfi budur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Dünyaya qardaşlığın, müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını, iki dost ölkənin Prezidentlərinin şəxsi münasibətləri bu əlaqələri daha da möhkəmləndirir, sarsılmaz edir. Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri ümumilikdə Türk dünyasının birliyinə böyük töhfədir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button