Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı uğurla davam edir
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda görmək olar.
Qeyd edək ki, Fevralın 19-da Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir. Azərbaycan və Türkiyə prezidentlərinin hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərini Ankara və Bakıya etməsi artıq ənənə halını alıb.
Bu səfər Azərbaycan və Türkiyənin sarsılmaz birliyini, həmrəyliyini bir daha bütün dünyaya sübut etdi. Azərbaycan-Türkiyə dövlət başçılarının Ankarada görüşü iki dövlətin baxışını əks etdirməklə yanaşı, həm də bütövlükdə Cənubi Qafqazın gələcəyinə işıq saldı.
Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. 2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu 44 gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Eyni zamanda Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan artıq Türkiyənin hər bir məsələsində – istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaqdır.
Dövlətimizin başçısı iki ölkə arasındakı əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını dedi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirdi.
Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və iki ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilməsi məsələlərinə toxunuldu.
Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq!
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.