Analitika

Tarixi Azərbaycan torpaqlarında yenidən üçrəngli bayrağımız dalğalanır

Hər  bir xalq üçün onun müstəqilliyi, ərazi bütövlüyü ən mühüm məsələdir. Azərbaycan üçün də ona məxsus olan bütün torpaqlarını vahid bayraq altında birləşdirmək ən vacib məsələlərdən biri idi. Ermənistan dövlətinin işğalçı siyasəti nəticəsində bu arzunun həyata keçirilməsi biraz zaman aldı. Ancaq  mübariz və səbrli Azərbaycan xalqı sonunda öz arzusunu həyata keçirə bildi. Əvvəlcə 2020-ci ildə otuz ilə yaxın işğal altında qalan tarixi Azərbaycan torpaqlarını 44 günlük Vətən müharibəsi zamanı  işğaldan azad etdi. İlkin olaraq torpaqlarını işağdan azad edən, daha sonra 19 sentyabr hadisələri ilə öz suverenliyini tam bərpa edən Azərbaycan Respublikası bununla da kifayətlənməyərək 2023-cü il 15 oktyabr tarixində vahid bayraq prinsipinə əsaslanaraq Azərbaycanın qədim torpağı olan Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət bayrağımız ucaldıldı. Xankəndi şəhəri 1991-ci ildə Ermənistan tərəfindən işğal edilmişdir. 2020-ci il 10 noyabr bəyanatına əsasən Rusiya sülhməramlılarının nəzarətinə keçmişdir. 19 sentyabr hadisələrindən sonra isə Azərbaycan polisləri şəhərə nəzarəti bərpa etdi. Bu gün Xankəndidə Azərbaycan bayrağının dalğalanması böyük  tarixi hadisədir. Ölkəmiz son üç ildə özünün tarixini yeniləmiş, böyük zəfərlərə imza atmışdır. Azərbaycan bu tarixi zəfəri hərbi yolla, ordusunun və Müzəffər Ali Baş Komandanın iradəsinin gücüylə həyata keçirdi. Düzdür, dövlətimiz uzun müddət münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdı, lakin heç bir müsbət nəticə əldə edilmədi. Bu da Azərbaycanın öz gücünü dünyaya göstərməsilə nəticələndi.

15 oktyabr tarixində hakimiyyətə gəlişinin 20-ci ilində Böyük Sərkərdə İlham Əliyev Azərbaycan xalqına qarşı verdiyi bütün vədləri yerinə yetirdi. Onun müdrik siyasəti, xalqın iradəsi və Azərbaycan ordusunun gücü bir daha beynəlxalq arenada və regionda dosta-düşmənə sübut etdi ki, Azərbaycan güclü dövlətdir və gərəkli zamanlarda bu gücündən istifadə edir. Lakin bütün bunlara heç də asan nail olunmayıb, bu yolda bir çox qurbanlar verilib. Ancaq bu gün Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda Azərbaycan bayrağının dalğalanması ilə onların da ruhu şad olacaqdır.

Bundan sonra Azərbaycan üçün yeni bir tarix, yeni bir mərhələ başlayır. Artıq torpaqları düşmən tapdağında olan deyil, öz gücü və iradəsi ilə düşmənlərinə ağır zərbə vuraraq tarixi torpaqlarını vahid bayraq altında birləşdirən güclü dövlətdir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button