AnalitikaGündəmSiyasət

Şuşadan Başlayan Yeni Mərhələ: Azərbaycan-Slovakiya Strateji Münasibətləri

Azərbaycanın son illərdə apardığı fəal xarici siyasət Avropa coğrafiyasında yeni və etibarlı tərəfdaşlıq körpülərinin qurulması ilə nəticələnir. Bu müstəvidə Slovakiya Respublikası ilə münasibətlərin dinamik inkişafı xüsusi diqqət çəkir. Ölkələrimiz arasında qurulan siyasi təmasların müntəzəm xarakter alması və ən yüksək səviyyədə nümayiş etdirilən qarşılıqlı hörmət iki dövlətin əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu əyani şəkildə sübut edir. Təsadüfi deyil ki, Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana növbəti səfəri və dövlət başçılarının tarixi Şuşa şəhərində bir araya gəlməsi bu dostluq əlaqələrinin sadəcə bəyanatlardan ibarət olmadığını, real işbirliyinə söykəndiyini göstərir.

​Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasındakı siyasi təmasların belə fəal xarakter alması hər iki tərəfin əməkdaşlığı inkişaf etdirmək niyyətini və güclü siyasi iradəsini nümayiş etdirir. Artıq tərəflər arasında imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin icrası öz real bəhrəsini verməkdədir. Geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər sübut edir ki, Azərbaycan-Slovakiya əlaqələri sadəcə quru dialoqdan ibarət deyil. Müzakirə olunan məsələlərin əhatə dairəsinin genişliyi göstərir ki, tərəflər konkret istiqamətlər üzrə praktiki işlərin həyata keçirilməsində son dərəcə maraqlıdırlar.

​İki ölkə arasındakı müzakirələrdə iqtisadi-ticari əlaqələr, energetika və hərbi-texniki sahələrdə əməkdaşlıq prioritet təşkil edir. Tərəflər arasında aparılan səmimi və açıq müzakirələr əminlik yaradır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində oynadığı rolu Slovakiya kimi etibarlı tərəfdaşlarla birgə daha da möhkəmləndirəcək. Səfər çərçivəsində nümayəndə heyətlərinin davamlı təmasda olması bu razılaşmaların sürətlə icra mərhələsinə keçəcəyindən xəbər verir.

​Slovakiya ilə Azərbaycan arasında qurulan əlaqələrin ən mühüm məqamlarından biri isə bu tərəfdaşlığın işğaldan azad olunmuş ərazilərimizin bərpasında özünü əyani şəkildə göstərməsidir. Bu gün rəsmi Slovakiya Qarabağın yenidən qurulması prosesində fəal iştirak edən yaxın tərəfdaşlarımızdandır. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən icra olunan “Ağıllı kənd” layihəsi bu dəstəyin ən bariz nümunəsidir. Bu cür layihələrin həyata keçirilməsi təkcə iqtisadi əməkdaşlıq deyil, həm də ölkəmizin quruculuq işlərinə verilən böyük mənəvi həmrəyliyin göstəricisidir.

​Prezident Peter Pelleqrinin ölkəmizə olan xüsusi münasibəti onun hələ əvvəlki dövlət vəzifələrində – həm parlament sədri, həm də Baş nazir kimi Azərbaycana etdiyi səfərlərdə də özünü aydın şəkildə büruzə verib. Onun dövlət başçısı kimi beynəlxalq iqlim konfransında iştirakı və ardınca Azərbaycana rəsmi səfər edərək Qarabağa baş çəkməsi bu səmimi münasibətin davamlı olduğunu bir daha təsdiqləyir. Bütün bu faktlar onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də Slovakiya rəhbərliyi yalnız sözdə deyil, real və konkret işlərin tərəfdarıdır. Bu sınaqdan çıxmış səmimi və mehriban tərəfdaşlıq gələcəkdə hər iki xalqın rifahına, eləcə də bölgədə dayanıqlı inkişafa xidmət etməkdə davam edəcəkdir.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button