AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi təkcə bugünün deyil, sabahın da siyasi manifestidir

2021-ci il 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətləri tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qaldı. Həmin gün azad olunmuş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Bu sənəd iki qardaş ölkə arasında strateji tərəfdaşlıqdan daha yüksək bir səviyyəyə – müttəfiqliyə keçidi rəsmiləşdirdi və regionun gələcəyi üçün mühüm mesajlar verdi. Bəyannamənin ən vacib cəhətlərindən biri onun dərin tarixi və ideoloji əsaslara söykənməsidir. Hər iki ölkənin müasir dövlətçilik ideologiyasını formalaşdıran liderlərin – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin sözləri sənəddə öz əksini tapdı. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı bu sənədin mahiyyətini dolğun şəkildə əks etdirir. Bu ifadələr yalnız tarixi aforizm deyil, həm də konkret siyasi fəaliyyətə yön verən ideoloji bünövrədir. Şuşa Bəyannaməsi həm də Zəfər müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi düzənin əsas siyasi sənədlərindən biri kimi çıxış edir. Ermənistan üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycanın suverenliyinin bərpası ilə yanaşı, Türkiyənin bu prosesdəki dəstəyi regional güc balansında yeni reallıqlar yaratdı. Müttəfiqlik Bəyannaməsi bu reallığın hüquqi-siyasi sənədlə təsdiqidir. Bəyannamə siyasi, iqtisadi, hərbi və humanitar sahələri əhatə edən genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Hərbi sahədə birgə təlimlərin, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması kimi mühüm müddəalar bəyannamənin əsas hissəsini təşkil edir. Bu, təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş coğrafiya üçün sülh və sabitliyin təminatçısı kimi çıxış edir. Eyni zamanda, sənəddə iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin inkişafı, “Zəngəzur dəhlizi”nin reallaşması, enerji və kommunikasiya layihələrinin genişləndirilməsi kimi məsələlər də ön plandadır. Bu, bölgənin iqtisadi baxımdan inteqrasiyasını sürətləndirməklə yanaşı, Azərbaycan və Türkiyənin Avrasiya məkanında strateji mövqeyini daha da möhkəmləndirəcək. Bəyannamə həm də mədəni və humanitar sahələrdə birgə layihələrin, ortaq irs və tarixə əsaslanan fəaliyyətlərin genişləndirilməsini hədəfləyir. Türk dünyasının mədəni paytaxtı olan Şuşada bu sənədin imzalanması təsadüfi deyildi. Bu, həm simvolik, həm də strateji xarakter daşıyırdı. Şuşa kimi mədəniyyət incisi, Azərbaycanın milli ruhunun beşiyi olan bir şəhərdə belə sənədin imzalanması gələcək nəsillərə mühüm mesajdır: Azərbaycanın və Türkiyənin birliyi əbədi və dönməzdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd əcdadlarımıza sədaqətin və gələcək nəsillərə istiqamət verməyin bariz nümunəsidir. XXI əsrdə azad edilmiş torpaqlarda imzalanan bu Bəyannamə yalnız keçmişə hörmət deyil, həm də gələcəyə əmin addımlarla irəliləmək üçün bir yol xəritəsidir. Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən, qlobal siyasətdə söz sahibi olan iki dövlətin qardaşlıq və müttəfiqlik niyyətlərini təsdiqləyən, regional sabitlik və inkişaf üçün mühüm sənəd kimi tarixə düşdü. Bu sənəd təkcə bugünün deyil, sabahın da siyasi manifestidir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button