Sülhün, dinc yaşayışın təminatına ciddi dəstək

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi hazırkı geosiyasi dönəmdə bəşər sivilizasiyasına ən real töhfə, dünyaya isə verilə biləcək ən vacib mesajdır. Dünyanın bütün regionlarında demək olar ki, multikultural cəmiyyətlər formalaşıb və hər bir toplum öz hüquqlarını və mövcudluğunu qorumaq üçün mədəniyyətlərarası dialoqda iştirak edir. Bəzən mədəniyyətlərarası ziddiyyətlər böyük toqquşmalara səbəb olsa da, bu münaqişələrin qarşısının alınması üçün mədəniyyətlərarası dialoq məvhumu daha da aktual xarakter daşıyır. Ümumi mənada, mədəniyyətlərarası dialoqun məqsədi çoxmədəniyyətli bir dünyada dinc və konstruktiv şəkildə yaşamağı öyrənmək, cəmiyyət və mənsubiyyət hisslərini inkişaf etdirməkdir.
Mədəniyyətlərarası dialoq çərçivəsində Azərbaycan və Azərbaycançılıq ideologiyasıAzərbaycan tarix boyu Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşmiş və çoxsaylı xalqların birgə və mehriban yaşadığı məkan olmuşdur. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Aparılan beynəlxalq siyasətin uğurlarında, təbii ki, respublikamızın tam müstəqil olmasının, heç bir dövlətin asılılığında qalmamasının, istənilən məsələyə müstəqil və gerçək mövqeyini müəyyənləşdirməsinin də böyük rolu var. Təkcə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan keçən 5 ildə cərəyan edən hadisələr Azərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdə Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyev Forumdakı çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi.
Dövlət başçısının uzaqgörən siyasəti sayəsində Azərbayacan təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda sivilizasiyalararası dialoq sahəsində ciddi addımlar atır. Ona görə də bu gün əminliklə demək olar ki, Azərbaycan müstəqil və iradəli şəkildə dünyadakı qlobal proseslərə qoşulur və sülhün, dinc yaşayışın təminatına ciddi dəstək verir və mədəniyyətlərarası sintezin formalaşmasında ciddi rol oynayır.
Naimə Əliyeva,
YAP Şuşa rayon təşkilatının 7 nömrəli ərazi partiya təşkilatının sədri



