AnalitikaGündəmSiyasət

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycan ilə Slovakiya arasında siyasi və iqtisadi əlaqələrin inkişafında Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir.

İyulun 14-də Şuşada keçirilən yüksəksəviyyəli görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər iki ölkə arasında mövcud münasibətlərin hazırkı vəziyyətini dəyərləndirməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirdi. Bu görüş bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdə davam edir və xarici siyasətini qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında həyata keçirir.

Məlum olduğu kimi, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir, yol tikintisi və müxtəlif infrastruktur layihələrinin icrasında yaxından iştirak edirlər. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik enerjisi, ətraf mühitin mühafizəsi və tikinti sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri də Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrdir. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir. Dost və tərəfdaş ölkələrin bu prosesə verdiyi töhfə isə yüksək qiymətləndirilir.

Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edir. Bu səfər eyni zamanda regionda iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə, yeni investisiya imkanlarının yaranmasına və qarşılıqlı faydalı layihələrin reallaşmasına zəmin yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlamentlərarası dialoq strateji tərəfdaşlığın əsas sütunları kimi çıxış edir və bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əsas verir.

Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafına mühüm töhfə verəcək, əməkdaşlığı yeni mərhələyə yüksəldəcək və hər iki ölkənin milli maraqlarına xidmət edən yeni perspektivlər açacaq.

Ramil Babayev,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button