Şəhid və qazilərimizin canı qanı bahasına alınan əzəli və əbədi torpaqlarımız
Bu gün Azərbaycan xalqı,dövləti fəxarət və qurür hissi ilə 2020-ci ildə 44 günlük müharibənin qalibi Azərbaycanın rəşadətli ordusu və onların sayəsində geri qaytarılmış torpaqlarımız haqqında çox geniş danışa bilər. İlk öncə Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr, qazilərimizə isə şəfa diləyirik. Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən və özündən asılı olmadan yaranan bir dəyərdir. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini bu zaman duyur. Bu Vətənə olan sevginin nəticəsidir ki, müharibədə Silahlı Qüvvələrimizin 3000-dən çox hərbi qulluqçusu şəhid oldu. Lakin bir dəfə olsa belə ordumuz geri addım atmadı.
Ali Baş Komandan İlham Əliyevin qurub yaratdığı güclü ordu dünya miqyasında ən güclü ordular sırasındadır. Müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər 300-dən çox yaşayış məntəqəsini və 8 noyabrda Qarabağın tacı Şuşanı düşməndən azad etdi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü.
44 günlük müharibə zamanı Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri Azərbaycan xalqının əzmini, iradəsini əzə bilmədi, onu qorxutmadı, əksinə gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq birliyimiz, Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu bəlalardan çıxmağımızda mühüm rol oynadı. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən cənab İlham Əliyev Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirdi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hamı bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Haqq işimizi yarıda qoymağa hesablanmış üçün xarici qüvvələrin təzyiqlərinə cəsarətlə sinə gərən, onları dəf edən cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
Azərbaycan müharibədən uğurla və güclü formada çıxdı, vətəndaşlarımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu, əldə olunan qələbə xalqın inamını özünə qaytardı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, həmçinin həlak olan mülki vətəndaşlarımızın qisası alındı. Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunan şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı