Analitika

Reinteqrasiya Qarabağ ermənilərinin son şansi idi

Vaqif Xaçaturyanın Laçın postunda həbs olunub Bakıya gətirilməsindən aydın olur ki, Azərbaycan hüquq-mühafizə orqanlarında hüquqi baza mövcuddur və əli azərbaycanlı qanına batmış hər bir erməni cəlladı bir gün ədalət qarşısına çıxarılacaq. Bu baxımdan, Qarabağda yerləşən separatçı rejim Prezident İlham Əliyevin onların xoşluqla Qarabağı tərk edəcəkləri təqdirdə, amnistiya verəcəyini bildirməsini fürsət bilib gec olmamış bu şansı dəyərləndirməlidirlər. Əks halda, hadisələr ayrı cür cərəyan edəcəyi təqdirdə, Arayik Arutyunyan başda olmaqla xunta rejiminin digər cinayətkarları da, Bakıda məhkəmə qarşısına çıxarıla bilər. Bu isə onlar üçün heç də yaxşı olmayacaq.

2020-ci ildən sonra Azərbaycanın Cənubi Qafqazın sükanını idarə etməsi hər bir azərbaycanlı üçün sevindirici haldır. Əsrlər boyu erməni zülmünə məruz qalan azərbaycanlılar imperialist güclər tərəfindən təklənməsinə baxmayaraq, yenidən güc toplayıb, döyüş meydanında intiqam aldıqdan sonra Azərbaycan-Ermənistan münasibətlərində diktə edən tərəfə çevrilib. Bu məqamda dövlətimizin başçısının fəaliyyəti xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev lider olaraq ölkəsinin ərazi bütövlüyünü bərpa edərək xalqımızın adını qaliblər sırasına yazdırıb. Müharibədə Ermənistana heç bir şans verməyən dövlət başçısı nəinki düşmənimizi, hətta dünyanın ən güclü dövlətlərini belə bugünkü reallıqlarla barışmağa vadar edir. Artıq dünya nəhəngləri Cənubi Qafqazın yeni geosiyasi mənzərəsində Azərbaycanın rolunu dərk edib anlayır.

Azərbaycanın Şanlı Zəfəri, düşmənin isə biabırçı məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya aktı imzalamasına baxmayaraq, Ermənistan bir müddət özünü qalib dövlət kimi aparmaq niyyəti güdürdü. Üçtərəfli Bəyanatın müddəalarını heçə sayan ermənilər ərazilərimizdə yerləşmiş separatçı tör-töküntü qalıqlarına silah-sursat daşımaqda davam edirdi. Dövlətimiz isə belə hallara qarşı hər zaman rəsmi şəkildə bəyan edirdi ki, Ermənistanın bu cür təhrikçi addımları Azərbaycan tərəfini cavab tədbirləri görməyə vadar edir. Lakin ermənilər hər zaman olduğu kimi, dövlətimizin sülhpərvər çağırışlarına məhəl qoymurdu. Belə olan halda isə aprelin 23-də Xankəndiyə gediş-gəlişə nəzarət etmək məqsədilə Laçında sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu. Artıq ermənilər indi nəzarət-keçid məntəqəsini gördükləri zaman yeni reallıqlarla hesablaşmaq məcburiyyətində qalıblar. Bir zamanlar heç bir nəzarət, yoxlama olmadan gedib-gəldikləri bu yol artıq sərhədçilərimiz tərəfindən nəzarət altına alınıb. Ermənistan Laçın postunun qaldırılması ilə bağlı dünyanın dörd bir tərəfinə hay-həşir salsa da, 86,6 min kvadratkilometr ərazidə sərhəd-keçid məntəqələrində nəzarəti təmin etmək Azərbaycanın legitim hüququdur və heç bir beynəlxalq təşkilat buna qarşı çıxa bilməz. Çünki Laçın postunun qurulması beynəlxalq hüququn maddələrinə cavab verən bir yanaşmadır. Ermənistanla Azərbaycanın da fərqi elə bundadır ki, dövlətimizin regiona gətirdiyi yeni reallıqlar beynəlxalq hüquqla tam olaraq uzlaşır. Ona görə də, ermənilərin Laçın postu ətrafında qurduğu teatr səhnələrinin heç bir faydası olmayacaq.

Bundan əvvəl isə Azərbaycan Ordusunun bir neçə uğurlu əməliyyat keçirərək Laçın-Xankəndi yoluna alternativ torpaq yolları nəzarətə götürməsi separatçıların halını lap da pərişan etmişdi.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button