Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov fəxri fərmanla təltif olunub

Mayın 8-də Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə birgə təşkil etdiyi “Ulu öndərin siyasi kursu – Müasir Azərbaycanın uğur modeli” adlı tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət qurumları ilə səmərəli və qarşılıqlı əməkdaşlığı ilə seçilən bir sıra təşkilat və müəssisələrin nümayəndələri mükafatlandırılıblar.
Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov rayonda həyata keçirilən ictimai əhəmiyyətli layihələrdə fəal iştirakı, səmərəli fəaliyyəti və qarşılıqlı əməkdaşlığa verdiyi töhfəyə görə fəxri fərmanla təltif olunub.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər.




