Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb
1993-cü ilin ortalarında – Heydər Əliyev siyasi rəhbərliyə qayıtdığı dövrdə dövlət müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üzbəüz olan müstəqil Azərbaycan Respublikası Ulu Öndərin zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində yeni inkişaf yoluna qədəm qoydu. Hər zaman xalqın dəstəyini alan ölkə rəhbəri vətəndaş cəmiyyəti institutlarının inkişafının qarantı oldu. Ölkədəki siyasi mühitin sağlamlaşdırılması istiqamətində vacib olan bir sıra mühüm addımlar atıldı. 2018-ci ilin aprelində xalqın təkrarən yüksək etimadını qazanaraq ölkə Prezidenti seçilmiş cənab İlham Əliyev dəyişikliklərin anonsunu verdi. Qısa müddət ərzində ölkəmizdə genişmiqyaslı islahatlara start verildi. Ötən dövrdə Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə qeyd edir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı etimadın nəticəsidir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ürəyini fəth etməyi, özünə əbədi hörmət qazanmağı və verdiyi qərarlar, atdığı misligörünməmiş addımları ilə Vətənini dünyanın sayılıb-seçilən məmləkətlərindən birinə çevirməyi bacarıb.Tam əminliklə demək olar ki, dövlət başçısı cənab İlham Əliyevin qərarlarının ölkəmizi bundan sonra da öz arxasınca zirvədən zirvəyə, qələbədən qələbəyə aparacağı heç kəsdə şübhə doğurmur. Bu gün istər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. Dövlət başçısı tərəfindən idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. İstər idmançılarımızın qazandığı nailiyyətlər, istərsə də nüfuzlu idman yarışlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanda idmana verilən dəyərin əyani təcəssümüdür. Ölkəmiz I Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunları kimi mötəbər olimpiadalara evsahibliyi edib. Formula-1 kimi beynəlxalq yarışın, ayrı-ayrı dünya çempionatlarının və birinciliklərin Azərbaycanda keçirilməsi dünyada idmanı ölkəmizin brendlərindən biri edir. İstər idman, istərsə də mədəniyyət tədbirlərinin yüksək səviyyədə təşkili ölkəmizin tanınması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Oktyabrın 13-də Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında dövlət başçısının ölkəmizin 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklənməsini qeyd etməsi onu deməyə əsas verir ki, ölkəmiz növbəti dəfə vacib bir tədbirə evsahibliyi edəcəkdir. Şübhəsiz ki, tədbir yüksək səviyyədə təşkil edilərək nailiyyətlərinin sırasına birini də əlavə edəcəkdir. Azərbaycançılıq məfkurəsi din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün soydaşlarımızın ümumi vətəni olan Azərbaycan dövlətinə bağlılığını özündə ehtiva edir. Multikulturalizm siyasəti də bu bağlılığın möhkəmlənməsinə yönəlmişdir. Ona görə də Azərbaycançılıq vətənpərvərliyin Azərbaycan nümunəsi kimi də səciyyələndirilə bilər və bu vətənpərvərlik nümunəsi Vətən müharibəsində, xüsusən də Şuşa döyüşündə öz təcəssümünün zirvəsinə çatdı.
Aynur Həsənova,
YAP-ın gənc fəalı