AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin iradəsi və uzaqgörənliyi ilə Azərbaycan dünya miqyasında yeni status və nüfuz qazanmışdır

Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibə və çıxışlarını bir ifadə ilə xarakterizə etmək istəsək, bunu “güzəştsiz milli mövqe” kimi adlandıra bilərik. 12 noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Liderlər Sammitindəki çıxışı və son müsahibələri – 18 dekabrda Kiselyova və 29 dekabrda Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibələr dövlət başçısının Azərbaycanın maraqlarını və mövqeyini prinsipiallıqla müdafiə etməsinin parlaq nümunəsidir. Prezident İlham Əliyev həmişə sülh tərəfdarı olduğunu vurğulamışdır. Çıxışları sülhə və barışığa çağırışlarla doludur. Bunu sübut etmək üçün Azərbaycanın ev sahibliyi etdiyi və çətinliklərə baxmayaraq uğurla həyata keçirdiyi COP29 tədbirini nümunə göstərmək kifayətdir. Bu, təkcə Azərbaycanın deyil, bəşəriyyətin gələcəyini düşünərək atılmış mühüm addım idi. Lakin milli təhlükə və ya təhdid qarşısında Prezident İlham Əliyevin mövqeyi sərtlik və qətiyyətlə seçilir. O, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnu hər zaman qətiyyətlə vurğulayır. “Azərbaycan həm Qərbdə, həm də Şərqdə müstəqil xarici siyasət yürüdən və eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Bu, dünya səviyyəsində unikal bir nümunədir,” deyə Prezident bildirib. Bu gün İlham Əliyev dünya səviyyəsində güclü, prinsipial və qətiyyətli lider kimi tanınır. Amma belə lider obrazının qəbulu hər kəs üçün asan olmur. Yenə də dünya bu reallığı qəbul etməli olacaq. Prezident İlham Əliyev mürəkkəb və gizlin siyasi oyunlar arasında Azərbaycanın mənafeyini qətiyyətlə müdafiə edir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları özü yaradan və onları qətiyyətlə qoruyan bir liderdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və müstəqil siyasət yürütməsi bir çox dövlətlərin təzyiqlərinin əsas səbəbinə çevrilib. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm milli mənafeyi qoruyur, həm də beynəlxalq dəyərlərə hörmət edir. Prezident, həmçinin milli və beynəlxalq dəyərləri uzlaşdıraraq insanlıq və ədalət prinsipini idarəetmə fəlsəfəsinin əsasına qoyur. O, xalqının taleyini ön plana çəkərək heç vaxt fəlakətlərdən siyasi məqsədlər üçün istifadə etməyib. Prezident İlham Əliyev həm müasir dünyada milli maraqları, həm də qlobal məsuliyyəti prioritetə çevirmiş nadir liderlərdən biridir. Azərbaycanın təyyarə qəzası ilə bağlı göstərdiyi prinsipiallıq və obyektivlik də bunu bir daha sübut edir. Prezidentin sözləri ilə desək: “Qəzanın təfərrüatları tam araşdırılacaq. Biz beynəlxalq ekspertlərin bu işə cəlb olunmasını dəstəkləmişik və obyektivliyin təmin edilməsini tələb etmişik.” Belə bir liderlik tərzi, yüksək prinsiplərə və millilik dəyərlərinə bağlılıq Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qorumaq üçün əsas dayaqdır. İlham Əliyevin iradəsi və uzaqgörənliyi ilə Azərbaycan dünya miqyasında yeni status və nüfuz qazanmışdır.

Məmmədova Nərmin,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button