
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə müdafiəsi və ölkənin hərtərəfli inkişafının təmin olunması ilə səciyyələnir. Onun rəhbərliyi dövründə Azərbaycan regionda və beynəlxalq müstəvidə nüfuzlu, güclü və söz sahibi olan dövlətə çevrilmişdir.
Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə siyasi sabitliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi və müstəqil xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. Bu illər ərzində aparılan islahatlar nəticəsində güclü iqtisadi baza formalaşmış, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi dirçəlişi və əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Prezident İlham Əliyevin fəaliyyətində xarici siyasət xüsusi yer tutur. Balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirmiş, strateji tərəfdaşlıqlar genişlənmişdir. Enerji təhlükəsizliyi sahəsində reallaşdırılan irimiqyaslı layihələr — Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və digər beynəlxalq enerji təşəbbüsləri Azərbaycanın Avropanın enerji xəritəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir.
Prezident cənab İlham Əliyevin fəaliyyətinin ən mühüm və tarixi istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Onun Ali Baş Komandan kimi qətiyyətli və prinsipial siyasəti nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu parlaq Qələbə qazanmış, uzun illər işğal altında qalan torpaqlar azad edilmişdir. Bu Qələbə beynəlxalq hüququn norma və prinsiplərinin bərpası ilə yanaşı, xalqın milli qürurunun və dövlətçilik ruhunun yüksəlməsinə səbəb olmuşdur.
Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunur.
Sosial siyasət Prezident İlham Əliyevin fəaliyyətində əsas prioritetlərdən biridir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, maaş və pensiyaların artırılması, təhsil və səhiyyə sahələrində islahatların aparılması insan amilinə verilən yüksək dəyərin bariz nümunəsidir. Gənclərin inkişafı, onların bilikli, vətənpərvər və müasir düşüncəli kadrlar kimi formalaşması dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Cənab İlham Əliyevin fəaliyyəti eyni zamanda hüquqi dövlət quruculuğu, idarəetmədə şəffaflığın artırılması və rəqəmsal transformasiyanın genişləndirilməsi ilə xarakterizə olunur. Dövlət xidmətlərinin əlçatanlığının yüksəldilməsi, elektron hökumət mexanizmlərinin tətbiqi və institusional islahatlar ölkənin uzunmüddətli inkişaf strategiyasına xidmət edir.
Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi



