Analitika

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

7-8 may tarixlərində Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verəcək.İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.  Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib.Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır.  Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın dünya maliyyə böhranı şəraitində belə davamlı inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır. Bunu ötən ildə əldə olunan makroiqtisadi göstəricilər bir daha təsdiq edir.

Bolqarıstan da Azərbaycan qazının idxalçısıdır. Prezident İlham Əliyevin dediyi kimi, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Eyni zamanda, Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib.Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır.

İlham Həsənov,
YAP Şuşa rayon təşkilatının 26 nömrəli ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button