Analitika

Naxçıvan türk dünyası üçün əhəmiyyətli diyardır

Ermənistanın Naxçıxan xülyası hər zaman xülya olaraq qalıb. 30 il ərzində blokada şəraitində saxladığı ərazi bugün müasir,inkişaf etmiş şəhərlərdən heç də geri qalmır. Türk dünyasının mühüm parçası, Azərbaycanın ayrılmaz tərkib hissəsi, Qərb və Şərqin iqtisadi əlaqələri üçün əhəmiyyət kəsb edən, Böyük İpək yolu üzərində yerləşən bu şəhər hər zaman diqqət mərkəzində olmuşdur. XXI əsr Türk əsri adlandırılır. Məhz bu əsrdə zamanında müxtəlif imperialist güc mərkəzlərindən zərbələr almış Türk dünyasının özünəgəlmə və dirçəliş dövrünə qədəm qoyduğunu müşahidə edirik. Bu proseslərin axarında Türkiyənin dövlət başçısının respublikamıza növbəti səfərini Naxçıvana etməsi həm də rəmzi bir məna daşıyır. Bütün Azərbaycanda çox sevilən Rəcəb Tayyib Ərdoğanın özü Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərə müsahibəsində qədim diyarı “Türk dünyasına açılan qapımız” kimi səciyyələndirib.

Naxçıvanın bütün Türk dünyasının qapısı kimi səciyyələndirilməsi isə heç də təsadüfi deyildir. Hazırda Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının yaşı elə də çox deyil. Biz fəxr edirik ki, Türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsü Prezident İlham Əliyevdən gəlib və bu tarixi prosesin təməli qədim Azərbaycan torpağı olan Naxçıvanda qoyulub. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə  “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir. Azərbaycan–Türkiyə əlaqələri həqiqətən də dünyada bənzəri olmayan müstəsna səviyyədədir.

Bu reallığı cari ilin 25 sentyabr tarixində Naxçıvan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə tarixi görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi. Naxçıvanda baş tutan bu görüş Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Bu salnamənin ilk səhifələri keçmiş dövrlərə gedib çıxsa da, ən oxunmalı və rəngarəng hissələri məhz hazırkı fəsillərdir. Çünki məhz bu fəsillər Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə artan əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini, nəhayət 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşünü əks etdirir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button