Müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsi çox çətin sınaqlardan keçib
Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycan mədəniyyətinin intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Amma bu dahilərimizin içərisində xalqın Ümummilli lideri zirvəsinə çatan yalnız bir nəfər var ki, o da Heydər Əliyevdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrinin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev böyük siyasi xadim, xalqın şəksiz lideri kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Azərbaycan Respublikasının böyük qurucusu,xalqının dərin sevgisini qazanan,böyük ürəkli Vətən oğlu Heydər Əliyev öz Vətəni qarşısında misilsiz fədakarlıqlar göstərmiş,bütün gücündən,imkanlarından əsirgəmədən xalqının və dövlətinin müstəqilliyi uğrunda istifadə etmişdir.Müstəqil Azərbaycan dövləti var olduğu müddətcə Heydər Əliyev Azərbaycan xalqının ürəyində yaşayacaqdır.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami eayon təşkilatının məsləhətçisi