Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə mənsubluq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir.
Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.
XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratmışdır. Tarixi faktlar göstərir ki, 1918-ci il mayın 27-də müsəlman fraksiyası Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırmış, beləliklə, Azərbaycanın ilk parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda isə Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd – İstiqlal Bəyannaməsi qəbul olunmuşdur.
Azərbaycan parlamenti birinci mərhələdə – 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərmişdir. 44 nəfər müsəlman-türk nümayəndədən ibarət Milli Şura qısa zamanda 10 iclasını keçirmiş, bir sıra mühüm tarixi qərarlar qəbul etmiş, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürmüşdür. Azərbaycan Milli Şurası iyunun 17-də fəaliyyətini müvəqqəti dayandırmaqla, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə vermişdir. 1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ağır beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırım taleyi yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini üzərinə götürmüşdür. Təcili olaraq müstəqil Azərbaycanda dövlət quruculuğuna başlanmış, hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdən sərt tədbirlərə əl atmışdır. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmuş, iyunun 26-da isə müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrilmişdir. Diviziya komandiri səlahiyyətlərinə malik Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başlamış, beləliklə, Azərbaycan silahlı qüvvələrinin əsası qoyulmuşdur.
1918-ci il iyul ayının 15-də Milli Şurada Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olunmuş, komissiyanınqarşısına I Dünya müharibəsi zamanı Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım cinayətlərini, onların əmlakının talan olunması faktlarını araşdırıb cinayətkarları məsuliyyətə cəlb etmək vəzifəsi qoyulmuşdur. Həmin il avqustun 11-də “Hərbi mükəlləfiyyət haqqında” qərar qəbul olunmuş, avqustun 23-də isə “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” fərman imzalanmışdır.
Ümumilikdə, ötən 7 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi həm də milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət deməyə əsas verir ki, hüquqi-siyasi islahatlar bundan sonra da inamla davam etdiriləcək, ölkəmiz demokratikləşmə və insan hüquqlarının təminatı sahəsində daha yüksək nailiyyətlər əldə edəcəkdir.
Prezident İlham Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
YAP Şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının sədri,
Cəmilə Əhmədova



