AnalitikaGündəmSosial

Milli Qurtuluşumuz: Sabitlikdən Başlayan Müstəqillik və Zəfər Yolu

Hər bir xalqın tarixində onun gələcək taleyini həll edən, onu yox olmaq təhlükəsindən qurtaran böyük dönüş nöqtələri olur. Bizim üçün bu dönüş nöqtəsi, heç şübhəsiz, 1993-cü ilin 15 iyun günüdür. Milli Qurtuluş Günü adlandırdığımız bu tarixi milad, sadəcə xaos və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almadı, həm də müasir, güclü və müstəqil Azərbaycan dövlətinin təməlini qoydu. O çətin günlərdə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük siyasi iradəsi və uzaqgörənliyi ilə ölkədə daxili sabitliyi bərqərar etdi. Biz bu gün əldə etdiyimiz bütün uğurlara görə məhz həmin illərdə qurulan möhkəm pərvazlara borcluyuq. Çünki daxili sabitliyi, milli birliyi və güclü dövlət institutları olmayan bir ölkənin nə iqtisadi müstəqilliyindən, nə də beynəlxalq nüfuzundan söz açmaq mümkündür.

15 iyunda əsası qoyulan o daxili qüdrət və sarsılmaz təməl, illər keçdikcə Azərbaycanı regionun lider dövlətinə çevirdi. Ulu Öndərin siyasi xəttini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tam iqtisadi və siyasi suverenliyinə qovuşdu. Heç bir kənar maliyyə asılılığı və təzyiqi olmadan öz milli maraqlarımızı qorumaq gücümüz, illər əvvəl qəbul edilmiş strateji qərarların real nəticəsidir. Bu milli güc, güclü iqtisadiyyat və sarsılmaz ordu quruculuğu bizi bütöv Azərbaycana, Qarabağ və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımıza və tarixi Zəfərimizə çatdırdı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng quruculuq işləri və Böyük Qayıdış prosesi qurtuluş fəlsəfəsinin ən parlaq və canlı sübutudur. Mən də bir vətəndaş olaraq, dövlətimizin daha da çiçəklənməsi və bu böyük tarixi irsin qorunması naminə üzərimizə düşən hər bir vəzifəni qürurla yerinə yetirməyi borc bilirəm.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button