Milli ordu azərbaycanın dövlət müstəqilliyinin qarantıdır

Milli Ordu quruculuğunun rüşeymlərinin yaranması Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk hakimiyyəti illərinə təsadüf edir. Ordumuzun möhkəmləndirilməsi və nəinki bölgənin, hətta dünyanın ən güclü və təchizat baxımından təminatlı orduları sırasında dayanmasına xidmət edən müasir ordu quruculuğu siyasətinin əsasları və ilk nəticələri də Ulu Öndər H.Əliyevin Azərbaycanda ikinci hakimiyyəti illərinə təsadüf etmişdir.
Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ciddi uğurlar əldə edilməsi ilə yadda qalmışdır Prezident İ.Əliyevin çıxışlarında səslənən və son dərəcə əhəmiyyətli olan bir müddəa üzərində dayanmaq istərdik. Məsələ bundadır ki, İ.Əliyevin prezidentliyi dönəmində dövlətimizin iqtisadi qüdrətinin durmadan artması düşmənin əvvəl-axır öz təcavüz siyasətindən əl çəkərək məsələnin sülh yolu ilə həlli üçün illərlə davam edən sülh danışıqlarının indiki mərhələsində mövqeyimizi gücləndirən həlledici təsir vasitələrindən birinə çevrilmişdir. Güclü iqtisadiyyat, həm də qüdrətli silahlı qüvvələr və hərbi potensial deməkdir. Məhz bu faktor Azərbaycan tərəfinin müharibəyə başlayacağı halda Ermənistan rəhbərliyinin Ermənistanı nələr gözləyəcəyini dərk etməsi onun son illərdəki siyasətində də özünü büruzə verir və dövlət başçımızın mövqeyinə haqq qazandırır.
Son illərdə ənənəyə çevrilən Azərbaycan ordusunun yaranmasının ildönümlərində keçirilən hərbi paradlar və onları izləyənlər arasında qonşu dövlətlərin nümayəndələrinin olması, orada nümayiş etdirilən ən müasir döyüş texnikası və silah növləri, o cümlədən müasir tanklar, piyadaların döyüş maşınları, zenit raket qurğuları, reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə qurğuları bir daha Milli Ordumuzun kifayət qədər yüksək olan döyüş potensialından, dünyanın hərbi cəhətdən ən güclü dövlətlərinin malik olduqları döyüş texnikası və silahların Milli Ordumuzun cəbbəxanasında olmasından xəbər verir. Milli Ordunun möhkəmləndirilməsi, ordu quruculuğu ilə bağlı bütün məsələlər dövlət başçısının gündəlik fəaliyyəti və nəzarətinə daxil olan ilk məsələlər sırasındadır. Gənclərin hərbi səfərbərliyi, hərbi kadrların hazırlığı ilə məşğul olan bir neçə ali hərbi məktəbin maddi-texniki təminatının yaxşılaşdırılması və digər məsələlərin vəziyyəti dərhal və ardıcıl şəkildə öyrənilərək əməlli tədbirlər həyata keçirilmişdir.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı