Mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü (World Telecommunication and Information Society Day) BMT Baş Assambleyasının 2006-cı ilin martında qəbul etdiyi qətnamə ilə təsis olunub və hər il mayın 17-də qeyd edilir.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri – proqramçıları, sistem administratorlarını, rabitə mühəndislərini, internet provayderləri, veb tərtibatçıları, rəqəmsal platformaların redaktorlarını və müasir rəqəmsal mühitin formalaşmasında iştirak edən hər kəsi bir araya gətirir.
2006-cı ilədək bu tarix Ümumdünya Telekommunikasiya Günü kimi qeyd olunurdu. Bayram Beynəlxalq Telekommunikasiya İttifaqının İnzibati Şurasının qərarı ilə 1969-cu ildən keçirilirdi. Bu günün tarixi 1865-ci il mayın 17-də Parisdə ilk Beynəlxalq Teleqraf Sazişinin imzalanmasının şərəfinə seçilib. Həmin sənəd Beynəlxalq Teleqraf İttifaqının yaradılmasının əsasını qoyub. Bu qurum 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanır.
Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü rəqəmsal texnologiyaların dövlətlərin və cəmiyyətin inkişafındakı əhəmiyyətini ön plana çıxarır. Günün əsas məqsədi internetin və informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar barədə məlumatlılığı artırmaq, həmçinin qlobal rəqəmsal uçurumun aradan qaldırılmasının vacibliyinə diqqət çəkməkdir. Sürətli rəqəmsallaşma şəraitində texnologiyalar iqlim dəyişikliklərindən və ərzaq təhlükəsizliyindən tutmuş təhsil, səhiyyə və dövlət xidmətlərinin inkişafınadək qlobal çağırışların həllində əsas vasitələrdən birinə çevrilir. Bu gün dayanıqlı gələcəyin qurulması innovativ rəqəmsal həllərin tətbiqi və müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi ilə birbaşa bağlıdır.
İnformasiya texnologiyaları dünya iqtisadiyyatını, kommunikasiya sistemini və cəmiyyətin gündəlik həyatını köklü şəkildə dəyişib. Məlumatlar, rəqəmsal xidmətlər və biliklər XXI əsrin strateji resurslarına çevrilir, informatika və hesablama texnologiyaları isə özünütəhsil, peşəkar inkişaf və özünüreallaşdırma üçün yeni imkanlar açır. Bununla yanaşı, son onillikdə rabitənin təmin olunması məsələsi daha geniş və mürəkkəb xarakter alıb. Bu gün artıq internetə formal çıxışın təmin edilməsi kifayət etmir. Təhlükəsiz, sabit, əlçatan və tamhüquqlu rəqəmsal qarşılıqlı əlaqəni nəzərdə tutan “mənalı bağlantı” konsepsiyası ön plana çıxır. Bu yanaşma insanlara onlayn xidmətlərdən səmərəli istifadə etməyə, təhsil almağa, işləməyə və rəqəmsal iqtisadiyyatda iştirak etməyə imkan verir. Daha az inkişaf etmiş ölkələr üçün bu məsələ hələ də ciddi çağırış olaraq qalır. Texnologiyaların sürətlə inkişaf etməsinə baxmayaraq, həmin ölkələrlə dünyanın qalan hissəsi arasında rəqəmsal uçurum davam edir. Bir çox dövlət yeni iqtisadi imkanların yaradılması üçün internetdən və rəqəmsal platformalardan fəal istifadə etdiyi halda, daha az inkişaf etmiş ölkələr daha böyük texnoloji geriləmə riski ilə üzləşirlər.
BMT-nin məlumatına görə, təxminən 2,6 milyard insan hələ də internetə çıxış imkanından məhrumdur. Zəruri infrastrukturun, investisiyaların, normativ bazanın və rəqəmsal bacarıqların çatışmazlığı milyonlarla insanın təhsil, məşğulluq və innovasiya sahəsində imkanlarını məhdudlaşdırmağa davam edir. Müasir dövrdə rəqəmsal infrastrukturun dayanıqlılığı xüsusi əhəmiyyət kəsb edir. Fasiləsiz rabitədən getdikcə daha çox asılı olan dünyada şəbəkələrin etibarlılığı dövlətlərin və iqtisadiyyatın fəaliyyəti üçün həyati vacib amilə çevrilir. Yerüstü rabitə xətləri, sualtı kabellər, peyk sistemləri və məlumat emalı mərkəzləri maliyyə sektorunun, nəqliyyatın, səhiyyənin, dövlət xidmətlərinin və fövqəladə hallara reaksiya sistemlərinin fəaliyyətini təmin edir. Məhz buna görə də bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində rəqəmsal infrastrukturun möhkəmləndirilməsinə və böhranlar, eləcə də xarici təsirlər zamanı sabit işləyə bilən dayanıqlı sistemlərin yaradılmasına xüsusi diqqət ayrılır.
Hər il mayın 17-də qeyd olunan Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü, həmçinin rəqəmsal inkişaf və rabitə sahəsində qlobal əməkdaşlığı əlaqələndirən BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının yaradılmasının ildönümünə təsadüf edir.
Azərbaycan üçün informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal transformasiya dövlət siyasətinin strateji prioritetləri sırasındadır. Respublika rəqəmsal infrastrukturu ardıcıl şəkildə genişləndirir, müasir texnoloji həllər tətbiq edir və İKT sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir. Rəqəmsallaşma müasir iqtisadiyyatı və cəmiyyəti formalaşdıran qlobal proseslərin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan əhalinin bütün təbəqələri üçün müasir rəqəmsal xidmətlərə bərabər çıxışı təmin edən etibarlı infrastrukturun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə əsas istiqamətlərdən biri yüksəksürətli internetin inkişafıdır. Ən mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsi xüsusi yer tutur. Layihə çərçivəsində ölkədəki yaşayış və kommersiya obyektlərinin 99 faizindən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub.
Rəqəmsal inkişaf sahəsində mühüm beynəlxalq tədbirlərdən biri 2025-ci il noyabrın 16-da Bakıda keçirilmiş WTDC-25 Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı olub. Beynəlxalq Telekommunikasiya İttifaqının forumu rəqəmsal inklüzivliyin genişləndirilməsi və kommunikasiya şəbəkələrinin inkişafı məsələlərinə həsr olunub. Tədbirə 65-dən çox nazir və nazir müavini də daxil olmaqla 2300-dən artıq nümayəndə, həmçinin 160-dan çox ölkənin və beynəlxalq təşkilatın təmsilçiləri qatılıblar. Konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək naminə universal, faydalı və əlçatan bağlantı” mövzusu altında keçirilib. İki həftə davam edən yüksəksəviyyəli plenar iclaslar və tematik dialoqlar regional və qlobal rəqəmsal inkişaf strategiyalarının müzakirəsi üçün platformaya çevrilib. Konfransın yekununda BTİ-yə üzv dövlətlər ümumi rəqəmsal əlçatanlığın təmin olunmasına dair Yol Xəritəsini razılaşdırıb, həmçinin Bakı Fəaliyyət Planını, Bakı Bəyannaməsini və bir sıra digər qətnamələr qəbul ediblər.
WTDC-25 çərçivəsində Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Sektorunda Qadınlar Şəbəkəsi (NoW in ITU-D) tərəfindən təşkil olunan xüsusi tədbir də keçirilib. Təşəbbüs informasiya-kommunikasiya texnologiyaları sahəsində qadınların liderliyinin dəstəklənməsinə və qərarların qəbulunda onların iştirakının genişləndirilməsinə yönəlib.
Dünya analoq formatdan rəqəmsal formata əvvəlkindən daha sürətlə keçir və bu proses yeni texnologiyaların böyük potensialı ilə yanaşı, onlarla bağlı riskləri də ortaya çıxarır. Rəqəmsal dövr cəmiyyətə çoxsaylı imkanlar qazandırsa da, rəqəmsal bərabərsizliyin artması, kibertəhdidlər və internetdə insan hüquqlarının pozulması kimi problemlər də aktuallığını qoruyur. Dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihə və təşəbbüslər daha yaxşı qlobal gələcəyin təmin olunması üçün rəqəmsal texnologiyaların və siyasi həllərin yaradılmasına, həmçinin genişləndirilməsinə töhfə verir.



