İqtisadi Əməkdaşlıq Təşkilatının iclasının Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir
“İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir və ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. Eyni zamanda, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi də mühüm hadisədir”.
Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclas ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı konstruktiv əməkdaşlıq platformasıdır. Cənubi Qafqaz regionunun ən güclü ölkəsi kimi Azərbaycan da İƏT-in fəal üzvüdür. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri də dostluq və qarşılıqlı hörmətə əsaslanır”.
“İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra yaranmış yeni reallığa əsasən Azərbaycanın formalaşdırdığı əməkdaşlıq platforması İƏT ölkələri üçün də faydalı olacaq: “Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək. Yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək ki, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər”.