İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycan Respublikasının inkişafının yeni mərhələsi başladı
Hər bir xalqın taleyində onun tarixinə düşən, yaddaşlara həkk olunan və onun üçün dönəm nöqtəsi hesab olunacaq günlər vardır. Azərbaycan xalqı da yaşadığı tarixi dövr ərzində mühüm əhəmiyyət kəsb edən belə günlər yaşamışdır. Bu günlərdən biri də 15 oktyabr tarixinə təsadüf edir. Belə ki, 15 oktyabr 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev öz xalqının etimadını qazanaraq və 76 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı ümummili lider Heydər Əliyevə olan sədaqətini və sevgisini bir daha sübut etdi. Xalq öz fədakar oğlu Heydər Əliyevin müdrik siyasətin davam etməsini diləyirdi, çünki bu siyasət sülhə, əmin-amanlığa, azadlığa aparırdı. Belə də oldu. Cənab Prezident İlham Əliyev xalqı yanıltmadı, qazandığı güvəni boşa çıxarmadı və hakimiyyətə gəlməsi ilə Azərbaycanın inkişafı üçün yeni mərhələ başladı.
Azərbaycan xalqının yaddaşında silinməz yaralar qoyan Ermənistanı İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət nəticəsində bir çox beynəlxalq təşkilatlar işğalçı dövlət kimi tanıdı. Həmçinin, Azərbaycan üçün ən önəmli məsələlərdən biri olan Qarabağ münaqişəsini həll etdi. Azərbaycan ordusu və xalqı Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək Ermənistana unuda bilməyəcəyi bir zərbə endirdi və işğal olunmuş torpaqlarımız azad edildi. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların layiqli yaşaması üçün yenidənqurma və abadlaşdırma işləri həyata keçirilir.
Hakimiyyətdə olduğu 20 il ərzində İlham Əliyevin ölkə daxilində yaratdığı yeniliklər, abadlaşdırma işləri, işsizliyin və yoxsulluğun aradan qaldırılması ilə bağlı layihələr sadalamaqla bitməz. Xarici siyasət xəttində bir çox beynəlxalq təşkilatlara üzv olaraq,həmçinin digər dövlərlə beynəlxalq əlaqələr yaradaraq ölkəmizin nüfuzunu zirvələrə daşımışdır.
Abbasova Zərxanım,
YAP-ın fəalı