Analitika

İki qardaş ölkənin gələcək inkişaf dinamikası

Məlum olduğu kimi,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərinin böyük tarixi əhəmiyyəti var. Bu, ilk növbədə Azərbaycan və Türkiyənin möhkəm və sarsılmaz qardaşlığının göstəricisidir. Türkiyə Prezidenti yenidən seçiləndə ilk xarici səfərini məhz Azərbaycana edib. II Qarabağ müharibəsi başlayanda cənab Ərdoğanın “Türkiyə hər cür yardımla Azərbaycanın yanında olacaq” – bəyanı ölkəmizi haqq işimizin görülməsində xarici təzyiqlərdən sığortalamış oldu.Bildiyimiz kimi, 19 sentyabrda Azərbaycan Ordusu Qarabağdakı separatçılara və qanunsuz erməni silahlılarına qarşı lokal xarakterli antiteror tədbirlərinə başlayanda da Türkiyə ölkəmizə dəstək verdi. Türkiyə Prezidenti Ərdoğan BMT tribunasından Qarabağın Azərbaycan torpaqı olduğunu bir daha bəyan etdi. Bu, sözsüz ki, düşmənlərimizin bizə qarşı təzyiq cəhdlərindən çəkindirdi. Prezident Ərdoğanın Naxçıvana səfərini də ilk növbədə qardaşlığımızı nümayiş etdirməklə Azərbaycana verilən böyük siyasi dəstək olduğunu hesab edirəm. Naxçıvan 30 il blokada vəziyyətindədir və qazla təminatı İrandan mübadilə yolu ilə təmin olunur. Səfər çərçivəsində imzalanmış Naxçıvan – İğdır qaz kəmərinin çəkilməsi layihəsi Azərbaycan qazının birbaşa Türkiyə vasitəsilə Naxçıvana nəql olunmasına imkan verəcək. Digər tərəfdən Zəngəzur dəhlizinin açılışından sonra bu dəhliz vasitəsilə də Naxçıvana qaz xətti çəkiləcək. Bu da gələcəkdə Naxçıvandan Türkiyəyə və oradan da Avropaya qaz ixracına yol açacaq.Həmçinin, Türkiyə Prezidentinin Naxçıvana səfəri çərçivəsində Naxçıvan-Qars dəmir yolunun inşası ilə bağlı anlaşma memorandumu imzalanıb:. Bu,özü də dünya əhəmiyyətli tarixi bir layihədir.

Dəmir yolunun tikintisi başa çatandan sonra Türkiyə və Avropanın Fars körfəzinə dəmir yolu bağlantısı yaranacaq. O cümlədən Zəngəzur dəhlizinin istifadəsi reallaşandan sonra Rusiya da bu layihəyə birləşəcək və Naxçıvan beynəlxalq logistika mərkəzinə çevriləcək. Bu baxımdan Türkiyə Prezidentinin Naxçıvan səfərinin böyük əhəmiyyəti var. Səfərin Naxçıvana baş tutması ilk diqqətçəkən məqamdır. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın Naxçıvana sayca ikinci səfəridir. Ümumiyyətlə Naxçıvan Azərbaycan ərazisi olsa da iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir. Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub. Bu mənada Naxçıvandan verilən mesajlar həm də Bakı-Ankara ortaq strateji maraqları və hədəfləri baxımından ipucları verir. Öncə onu qeyd edim ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Bu baxımdan kəmərin əhəmiyyəti isə birdən çoxdur.

İlk öncə, İğdır-Naxçıvan qaz kəməri ilk növbədə Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verəcək. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Bundan başqa bu o baxımdan vacibdir ki, Naxçıvan artıq bir mənbədən asılı olmayacaq. Daha dəqiq desək Naxçıvanın İrandan asılılığına son qoyacaq. İkincisi, İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın Avropa bazarına qaz nəqli baxımından mühüm dividentləri özündə ehtiva edir. Təsadüfi deyil ki, 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Lakin bundan başqa boru kəmərinin Azərbaycan hissəsi daha da uzadıla bilər. Belə ki, Ermənistanla sülh sazişi imzalanarsa gələcəkdə nəqliyyat-kommunikasiya xətti ilə yanaşı həm də İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın əsas qaz şəbəkəsinə qoşula bilər. Yəni layihə gələcəkdə həm də Azərbaycan-Ermənistan-Türkiyə ortaq layihəsi ola bilər. Bu reallaşarsa Azərbaycan həm Ermənistana qaz nəql edərək bu ölkənin enerji təminatında söz sahibi ola, həm də Avropa bazarına qaz nəqlinin həcmini artıra bilər.

Mövcud boru kəmərlərin otürücülük qabiliyyəti Avropanın istədiyi həcmdən azdır. Buna görə də yeni layihələrə ehtiyac var. İğdır-Naxçıvan qaz kəməri bu baxımdan bu problemi müəyyən mənada aradan qaldıra bilər. Nəticə etibarilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğanın Azərbaycana səfəri növbəti tarixi bir layihənin icrasını rəsmiləşdirdi. Mahiyyət etibarilə İğdır-Naxçıvan qaz kəməri bu gün elə də ciddi bir layihə kimi görünməsə də əslində gələcək perspektiv baxımından “yeni əsrin müqaviləsi”kimi səciyyələndirmək daha çox məqsədə uyğun sayılar.

Eyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button