AnalitikaGündəmSiyasət

İki ölkə arasında dostluq münasibətlərində yeni bir səhifə açılır

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında Bakıda yüksək səviyyəli görüşlər keçirilib. Bu səfər Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi tarixə düşüb və iki ölkə arasında dostluq münasibətlərində yeni bir səhifənin açılmasına təkan verib. Görüşlər çərçivəsində Prezidentlər qarşılıqlı maraq doğuran bir sıra mövzuları müzakirə ediblər. Görüşlərdən sonra hər iki lider mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb və əməkdaşlığın gələcək perspektivlərinə toxunub.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda, Prezident Hasan Şeyx Mahmudu Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açacağına əminliyini bildirdi. O, həmçinin, keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran bir çox məsələlərin müzakirə edildiyini və imzalanmış sənədlərin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafına töhfə verəcəyini vurğuladı.

Görüş zamanı liderlər regional geosiyasi vəziyyəti və hər iki ölkənin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdilər. Onlar, həmçinin, ölkələrinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstəklərini, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizədə ortaq mövqelərini bir daha təsdiqlədilər.

Prezident İlham Əliyev Azərbaycanın 1990-cı illərdən başlayaraq üzləşdiyi çətinliklər, beynəlxalq səviyyədə tanınmış ərazilərinin erməni işğalından azad edilməsi və bu prosesdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi. O, siyasi sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu qeyd edərək, Azərbaycanın bu istiqamətdə atdığı addımları diqqətə çatdırdı.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button