İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətləri tarixində önəmli hadisədir
“Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu, Azərbaycan ilə Türkiyə arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu, Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Şübhə yoxdur ki, qardaş ölkələrin münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olacaq”.
Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətləri tarixində önəmli hadisədir: “Bu, Azərbaycan-Türkiyə əlaqələrinə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. Sirr deyil ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılıb və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilib. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik, qaz xətlərini kəsmiş, Naxçıvan faktiki olaraq mühasirədə idi və 15 il qazsız yaşadı. Lakin 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edildi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.
“Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Naxçıvanda həm günəş, həm külək, həm də su elektrik stansiyalarının inşası üçün böyük potensial var: “Perspektivdə Naxçıvan yaşıl enerji zonasına çevriləcək və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq”.