Heydər Əliyevin xilas etdiyi Azərbaycan Ulu öndərin ideyalarından güc alaraq bu gün gələcəyə doğru inamla addımlayır
Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycan mədəniyyətinin intibahı ilə bağlı misilsiz xidmətləri fəxr və qürur istinadgahımızdır. Amma bu dahilərimizin içərisində xalqın Ümummilli lideri zirvəsinə çatan yalnız bir nəfər var ki, o da Heydər Əliyevdir. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrinin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev böyük siyasi xadim, xalqın şəksiz lideri kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından, oktyabr ayında isə Prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir.
Heydər Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin qarşısında duran vəzifələri və onun prioritetlərini dəqiq müəyyənləşdirdi. Yığcam şəkildə həmin vəzifələr barədə ulu öndər 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində danışmışdır. Ulu öndər bəyan edirdi: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Bunun üçün önəmli vəzifə kimi ümummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra müstəqilliyini qətiyyətlə qoruyacaq.
Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yer tutmasına nail olmağı Ulu öndərin ruhu qarşısında mənəvi borc sayır.Heydər Əliyevin xilas etdiyi Azərbaycan Ulu öndərin ideyalarından güc alaraq bu gün gələcəyə doğru inamla addımlayır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı