Gürcüstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır
Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər. Ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabr ayının 8-də Gürcüstana işgüzar səfəri baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər.
İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir.
Deyə bilərik ki, Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfə verəcək.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.