Analitika

Füzulinin yeni siması göz oxşayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində oktyabrın 17-də Füzuli şəhərinə gələrək “Füzuli Şəhəri Günü”ndə bura köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, bu gün füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bura köçən uşaq və yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də bu çox böyük bir hadisədir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. İndi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, ümumiyyətlə hər şey nəzərə alınıb. Ölkə başçısı öz çıxışında qeyd etdi ki, “Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir”. Erməni vandalizmi nəticəsində Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət idi. Ermənilərin dağıtdığı və xarabalığa çevirdiyi Füzuli şəhəri artıq ölkə Prezidentinin rəhbərliyi ilə yenidən qurulur. Şəhərin təməlqoyma mərasiminin keçirilməsi də ondan xəbər verir ki, Füzuli şəhəri yenidən daha müasir standartlara uyğun formada və ağıllı şəhər prinsipinə uyğun olaraq yenidən canlanacaq. Rayon strateji baxımdan Qarabağın vacib bölgələrindən biridir. 44 günlük savaşda Füzuli şəhərinin işğaldan azad olunması müharibənin sonlandırılmasında və zəfərimizin əldə edilməsində xüsusi əhəmiyyətə malik oldu. Bu baxımdan artıq işğaldan azad olunmuş ərazilərimizdə yeni mərhələ başlayır. Tamamilə yenidən qurulan Füzulidə tikinti-quruculuq işləri böyük sürətlə davam edir. Artıq şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu gün artıq 800-dən çox insan öz evlərində yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramı uğurla icra edilir.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button