AnalitikaGündəmSiyasət

Füzulinin azadlığı Azərbaycanın tarixi Zəfərinin təntənəsidir

Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarixi hadisələrdən biridir. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhəri işğaldan azad etdi. Bu qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması istiqamətində mühüm mərhələ oldu.

Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin mürəkkəb əməliyyatlarından biri kimi tarixə düşdü. Ermənistan silahlı qüvvələri burada uzun illər ərzində möhkəmləndirilmiş müdafiə mövqeləri qurmuşdu. Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq, döyüş əzmi və peşəkarlıq nümayiş etdirərək həmin maneələri dəf etdilər. Şəhərin azad olunması cəbhənin cənub istiqamətində strateji üstünlüyün möhkəmlənməsinə şərait yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müharibə dövründə hərbi və siyasi müstəvilərdə qətiyyətli mövqe nümayiş etdirdi. Dövlət başçısı beynəlxalq ictimaiyyətə Azərbaycanın haqlı mövqeyini çatdırır, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirdi. Ordumuzun döyüş meydanındakı uğurları xalqın birliyi və dövlətin iradəsi ilə tamamlanırdı.

Füzulinin azad olunmasından sonra şəhərin yenidən qurulması əsas vəzifələrdən birinə çevrildi. Yeni yaşayış binaları, yollar, sosial obyektlər və müasir infrastruktur layihələri şəhərin simasını dəyişir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bölgənin nəqliyyat imkanlarını genişləndirərək gələcək inkişafı üçün mühüm zəmin yaradıb.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi təsis edilib. Bu əlamətdar tarix xalqımızın qəhrəmanlığını, dövlətimizin qətiyyətini və doğma torpaqlara bağlılığını təcəssüm etdirir. Füzulinin dirçəlişi tarixi qələbənin quruculuq və tərəqqi ilə davam etdiyini göstərir.

 

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button