Düşmən bir daha bizim gücümüzə şahid oldu
Azərbaycan ordusunun öz ərazimizdə apardığı antiterror tədbirləri qısa zaman ərzində terrorçuları diz üstə çökdürdü.
Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlətimizin başçısı deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür. Məhz Vətən Müharibəsi zamanı hər kəs anladı bütün dünya ictimaiyyətinin bu məsələni yubatdığı 30 ilə yaxın müddət ərzində Azərbaycan rəhbərliyi bir gün belə olsun boşuna vaxt sərf etməyib. Siyasi arenada nə qədər üstün duruma gəlmişdiksə ordu quruculuğunda da çox böyük irəliləyiş əldə etmişdik.
“Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, öz xoşu ilə bunu etməyib, “dəmir yumruq” hesabına bunu etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı status ola bilər? Hansı dövlət atributları ola bilər? Hansı seçkilər ola bilər?”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Sübhan Ərəbi,
YAP-ın fəalı