Cəbrayılın işğaldan azad edilməsinin böyük tarixi və siyasi əhəmiyyəti vardır
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Sahəsi 1049.8 kvadrat kilometrdir. Tərkibinə bir şəhər, 2 qəsəbə və 92 kənd daxildir. Cəbrayıl rayonunda müxtəlif türbələr – Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır.
Rayon çox qədim tarixə malikdir.1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir.1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılaraq, Yelzavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edilmişdir. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu bütövlükdə erməni təcavüzkarları tərəfindən işğala məruz qalmışdır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 398 nəfər cəbrayıllı şəhid omuşdur. 6 nəfər cəbrayıllı isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq gorülmüşlər. Rayonun 90 kəndi, bir şəhəri, o cümlədən 127 tarixi abidə, 2 muzey və 5 məscid işğal olunmuşdur.
Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi.
Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi.
Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra 4 oktyabr 2020-ci ildə işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir. Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur!
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı