Analitika

Cəbrayıl rayonu inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır

“Üç il öncə 4 oktyabr tarixində Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Rayon işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Eyni zamanda, Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna 13.928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi: “Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər işğal altında olan rayonlara uğurlu əks hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bütün bunlarla yanaşı Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyəti daşıyırdı. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub”.

“İşğaldan azad olunan Cəbrayıl rayonunda son 3 il ərzində bərpa və abadlıq-quruculuq işləri aparılır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə idi: “Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyanın inşasını planlaşdırır. Onu da xüsusi məqam kimi bildirmək lazımdır ki, vətəndaşlar Cəbrayıldan keçməklə Zəngəzur dəhlizindən istifadə edə bilcəklər. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərinin keçirilib, “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”nin, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasiminin təməlqoyma mərasimləri də baş tutub. Bütövlükdə bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button