Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır
Hər bir xalqın, hər bir millətin daim arzusunda olduğu, çatmaq istədiyi, uğrunda əsrlərlə mübarizə apardığı bir amal var – azadlıq, müstəqillik. Azadlığı, müstəqilliyi əldə etmək üçün tarix yazmaq, tarix yazmaq üçün dahi şəxsiyyətlər yetişdirmək lazımdır. Bu mənada biz xoşbəxt xalqıq desək yanılmarıq. Çünki, bir əsrdə iki dəfə müstəqilləşməyi bacaran xalqımız dünya miqyasında qiptə olunan dahi şəxsiyyəti Ümummilli Lider Heydər Əliyev sayəsində sözün əsl mənasında tarix yazmağı bacardı. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi məhv olmaq təhlükəsindən xilas etdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. 30 il bundan əvvəl oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var! Torpaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Bu ölkə daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr edir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ulu öndər Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər. Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Aynur Həsənova,
YAP-ın gənc fəalı