Analitika

Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir

“Oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi. Bu, həm də Qarabağ iqtisadi rayonuna vurulan Azərbaycanın dövlət möhürüdür. Eyni zamanda, milli dövlətçilik tarixində SSRİ-nin parçalanmasından sonra ərazi bütövlüyümüzün bərpası deməkdir. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən Xankəndi üzərində Azərbaycan Dövlət Bayrağının qaldırılmasının Prezident seçilməsinin 20 illiyinə təsadüf etməsi rəmzi məna daşıyır”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin parlaq qələbəsi ilə başa çatmış 44 günlük müharibədən sonra bəzi siyasi dairələr qələbəmizi yarımçıq hesab edirdilər. Prezident İlham Əliyev hadisələri təmkinlə qarşıladı. O, nəyi, necə və nə vaxt etməli olduğunu yaxşı bilirdi. Məhz Xankəndidə bayrağımızın dalğalandırılması həmin dairələrə tutarlı cavab oldu. Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağımızın dalğalandırmaqla separatizmə, buna dəstək verənlərə bildirmiş oldu ki, özünüz və güvəndiyiniz revanşist qüvvələr bir daha Azərbaycanın suverenliyini pozmağa cəhd belə edə bilməyəcək.

“Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bir vaxtlar Azərbaycan xalqına qarşı təhqir, təhdid, hədə üslubunda danışan, Bakıda çay içəcəyini deyən təlxəklər indi, həqiqətən də Bakıda çay içirlər, amma təcridxanada. Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırarkən həm də təvazökarlıq, nəciblik sərgilədi. Çıxışında bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Həqiqətən də gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər, qürur hissi keçirəcəklər”.

Onun sözlərinə görə, Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmiillik tarix bizim uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi, iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. Heç şübhəsiz Xankəndi Qələbəmiz də Azərbaycan tarixində əbədi qalacaqdır!

Oxşar Xəbərlər

Back to top button