AnalitikaGündəmSiyasət

Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq

1990-cı illərin əvvəlləri Azərbaycan tarixində ən gərgin və çətin dönəmlərdən biri kimi yadda qalıb. Sovet İttifaqının dağılması ilə yaranan geosiyasi boşluq, dövlət strukturlarının iflic vəziyyətə düşməsi, Ermənistanın ölkəmizə qarşı başlatdığı təcavüzkar müharibə, daxildə isə xaos və siyasi parçalanma – bütün bunlar Azərbaycanı tam bir fəlakətin astanasına gətirib çıxarmışdı. Məhz belə bir tarixi anda, xalqın və zamanın çağırışı ilə siyasi səhnəyə yenidən qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası təkcə Azərbaycanın dövlət müstəqilliyini deyil, bütövlükdə onun gələcəyini xilas etdi.

1993-cü il iyunun 9-da Ulu Öndərin Bakıya qayıdışı, əslində, xalqın ona olan inamının və ümidsizliyə qapıldığı bir anda güvənc yeri axtarışının nəticəsi idi. O dövrdə ölkədə gedən siyasi çəkişmələr, hakimiyyət zəifliyi və idarəetmə böhranı vəziyyəti daha da çıxılmaz etmişdi. Ulu Öndər bu mürəkkəb proseslərin fonunda siyasi iradə, qətiyyət və xalqı ətrafında səfərbər etmək bacarığı ilə həm Gəncədə baş qaldırmış qiyamın qarşısını aldı, həm də paytaxtda sabitlik və hüquqi idarəçiliyin bərpası istiqamətində mühüm addımlar atdı. Bu çətin və ziddiyyətli şəraitdə xalqın israrlı tələbi ilə o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev Bakıya dəvət olundu. Heydər Əliyevin güclü nüfuzu, qətiyyətli siyasəti və Azərbaycan xalqının əzmi sayəsində bütün məkrli planların qarşısı alındı və haqsızlıqlara son qoyuldu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu və sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.

Ulu Öndərin rəhbərliyə qayıdışı ölkədə siyasi sabitliyin təmin olunmasında, iqtisadi islahatların başlanmasında və dövlətçiliyin möhkəmlənməsində əsas rol oynadı. Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və xalqın etimadı sayəsində ölkədə siyasi sabitlik tam bərpa olundu, və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Ölkəmizin xarici siyasət strategiyasının əsasını qoyan Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına nail oldu. Ulu Öndər ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayaraq bildirmişdi ki, “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı. Hakimiyyətdə olduğu dövrlərdə Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Heydər Əliyevin ikinci dəfə – 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Bu, həqiqətən də bir qurtuluş idi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, xalqı deyil, yalnız öz mənfəətlərini güdmələri, hər şeyi – ləyaqəti, şərəfi, vicdanı pula satmağı sonda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Talanmış dövlət büdcəsi iqtisadiyyatı çökdürmüş, daxili və xarici qüvvələr isə artıq separatçılıq vasitələri ilə ölkəni bölən “xəritələrini” hazırlamışdılar. Qarabağ cəbhəsində isə torpaqlarımız ard-arda erməni işğalçılarına peş-kəş edilirdi. Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsində, məhv olmaq üzrə idi. Bütün bunlardan isə çıxış yolu tapmaq lazım idi. Xalqın Fenomen liderə ehtiyacı var idi və O, Ümummilli Lider Heydər Əlirza oğlu  Əliyev idi!
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün Liderini – İlham Əliyevi yetişdirməsi olmuşdur. Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə Azərbaycan xalqı özünə ən etibarlı siyasi gələcək, mütərəqqi inkişaf yolunu seçdiyini təsdiqləyir.

Bu gün Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır. Çünki Azərbaycan tərəqqi yolunda, Zəfər marşındadır. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə – möhtəşəm Qələbəyə imza atdı! İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə – siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu.

Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq.

Bədiyyə Sadıoqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

 

 

 

Oxşar Xəbərlər

Back to top button