AnalitikaGündəmSosial

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin əsas prioritetidir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib.

Bu gün, Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Xüsusilə də, hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır. Hazırda, Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-cı ildə  baş verən və hərb tariximizə “Aprel döyüşləri” kimi düşən döyüşlərdə Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi.

Cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili”, 2020-ci il isə “Könüllülər İli” elan edildi. Respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması da bu qayğının tərkib hissəsidir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır.

İmmi Məmmədova,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button