Analitika

Böyük Qayıdış Proqramı artıq tam gücü ilə işə düşüb və uğurla icra edilir

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində düşmən işğalından azad olunan Füzuli rayonunda indi geniş quruculuq işləri gedir. Rayon ərazisində beynəlxalq əhəmiyyətli hava limanı tikilir, yeni yollar çəkilir və digər infrastruktur layihələri icra olunur. Məlumdur ki, Füzuli əlverişli iqlim və münbit torpaqlarına görə böyük potensiala malik kənd təsərrüfatı rayonudur. Elə işğaldan əvvəl də rayon iqtisadiyyatının əsasını bu sahə təşkil edib. Füzuli rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində rayonun sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib. Bununla belə Füzuli işğal altında olan digər rayonlardan bir qədər fərqlənirdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin başçılığı ilə 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatı sayəsində rayonun eyni adlı qəsəbəsi də daxil olmaqla, 21 kəndi düşməndən təmizlənmişdir. Bunun sayəsində rayonun həmin hissəsində yaşayış və təsərrüfat işləri bərpa olunmuşdur. 2019-cu ilin statistikasına görə, rayon üzrə 37 min baş iribuynuzlu, 139 min baş xırdabuynuzlu mal-qara var idi. Həmin il rayonda ət, süd və yumurta istehsalında da müəyyən uğurlar əldə edilmişdir.İndi qarşıda duran əsas vəzifə rayonun iqtisadi potensialından daha səmərəli istifadə etməkdir. Hazırda müvafiq dövlət qurumları tərəfindən müxtəlif sahələr üzrə araşdırmalar aparılır. Aydındır ki, rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutacaq. Bu sahədə aparılan ilkin araşdırmalar göstərir ki, müasir texnika və texnologiyalardan istifadə etməklə rayonda məhsul istehsalını işğaldan əvvəlki illərlə müqayisədə artırmağa geniş imkan var. Məsələn, 1980-1988-ci illərdə rayonda taxıl istehsalı respublika üzrə istehsalın 2,3 faizini təşkil edirdi. Lakin aqrar sahədə aparılan islahatlar, taxılçılıqda tətbiq edilən innovativ texnologiyalar sayəsində 2019-cu ildə rayonun işğala məruz qalmayan ərazilərindən biçilən məhsulun ölkə üzrə xüsusi çəkisi 3,3 faizə çatmışdır. Bu fakt Füzulinin taxılçılıq sahəsində daha yüksək imkanlara malik olduğunu göstərir. Aparılan tədqiqatlardan məlum olur ki, 2025-ci ilə qədər rayonda taxıl istehsalını 130,4 min tona çatdırmaq mümkündür.Əvvəllər rayonda taxılçılıqdan sonra istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi pambıqçılıq olmuşdur.Aqrar sahənin istehsal potensialı ilə yanaşı, Füzuli rayonunda taxılın , südün, gön-dərinin, barama və ipəyin emalı üçün müəssisələrin qurulmasına da ehtiyac olacaq. Region üçün trend hesab edilən tərəvəzçilik sektoru üzrə emal müəssisələrinin yaradılması, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqrosənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfənin sovet dövründəki potensialdan daha artıq olacağını deyə bilərik.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button