Bizimlə diktat və ultimatum dilində heç kim danışa bilməz!
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məğlub kimi kapitulyasiya aktını imzalayan Ermənistanın baş nazirinə dəfələrlə bildirildi ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın şərtlərinə görə Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlara təzyiq göstərən separatçı rejimdə kök salan qanunsuz silahlı dəstələr, terrorçular Xankəndidən, Xocalıdan, Xocavənddən və digər ərazilərdən çıxarılmalıdır. Vətən müharibəsindən sonra Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə imtina edən Ermənistana həmçinin dəfələrlə xəbərdarlıq edildi ki, bu şərtlərdən, məsuliyyətdən yayınma onlara baha başa gələcəkdir. İrəvanın siyasətdən, diplomatiyadan xəbərsiz, dünyadakı hadisələri təhlil etmək bacarığından məhrum başbilənləri əksinə, illərdən bəri onların başının altına yastıq qoyub « miatsum» laylası ilə şirnikdirənlərin dirijor çubuğunun işarəsi ilə hərəkət etdilər. Qəflət yuxusuna gedən haylar röyalarında Şuşada, Cıdır düzündə yaşadıqları xoş günləri görərək « Bəlkə də o yerlərə qayıtdıq!» ümidi ilə günləri yola saldılar. «Ax necə keyf çəkməli əyyam idi!» dedikləri məqamda Fransanın Prezidenti Emmanuel Makronun, din pərdəsinə bürünmüş iranın ayətullaları Qıdı kirvənin dəsmalı ilə onların göz yaşlarını silib yalan vədlərlə aldatdılar.
İllərdən bəri İrandan, Fransadan, ABŞ-dan, Hindistandan, Rusiyadan daşınan istifadə müddəti ötmüş silahlara arxayınlaşaraq gücü, hərbi qüdrəti ilə seçilən Azərbaycanla razılaşmaq barədə düşünmədilər.
Azərbaycanın 30 illik səbrinin 44 gündə uğurla nəticələnən «Dəmir yumruq» əməliyyatını unudan haylar özgələrin atdıqları tula payına şirniklənərək başlarından böyük qələtlər etdilər. Bir şeirdə yazıldığı kimi, aylardan bəri gəzib, dolanıb, ayağı dəydiyi yeri məskən bilib dincələn, qışda isə daldalanmağa yer axtaran Cırcırama kimi Vətəni olmayan ermənilər Makronun, iranlı qaraguruhçuların, Qərbin korrupsioner siyasətçilərinin dili ilə danışdılar. Öz maraqları naminə haylara «dəstək verən» Qərbin korrupsiyalaşmış siyasətçilərinin saxtakarlıqları beynəlxalq təşkilatların fəaliyyətində, əsassız qətnamələrin qəbulunda da hiss olunur. «Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı kimi araqarışdıranların bölgəmizdən kənarda durmalarını tələb edir. Separatçıların təslim olub, silah-sursatlarını təhvil vermələri ümidlər yaradır ki, Azərbaycanla və Ermənistan öz aralarındakı bütün problemləri ədalət, beynəlxalq qanunlar, tarixi faktlar əsasında tənzimləyəcək, sülh müqaviləsi imzalanacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Eyni zamanda, bölgədə vəziyyəti gərginləşdirməyə çalışanlara bildirilir ki, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər üçün «dəmir yumruq»” yerindədir və hər zaman yerində olacaq! «Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» Dövlət başçımızın bu sözləri makronlara, mollakratiyalara, ümumiyyətlə qıraqda durub ortalığı qarışdıran hər kəsə son, qəti, cəsarətli xəbərdarlıqdır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı