
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu münasibətlərin daha da möhkəmləndirilməsi və strateji tərəfdaşlığın yeni mərhələyə keçməsi baxımından yaxınlarda imzalanmış ikitərəfli Bəyannamə xüsusi əhəmiyyət daşıyır. Bu sənəd təkcə diplomatik və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün deyil, eyni zamanda siyasi, mədəni və humanitar sahələrdə də əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Bəyannamənin imzalanması Azərbaycanın xarici siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu, iki ölkə arasında uzunmüddətli etimadın və dostluğun təzahürüdür. Çin, qlobal iqtisadi və siyasi səhnədə aparıcı rola malik dövlətlərdən biri olaraq, Azərbaycan üçün vacib strateji tərəfdaşdır. Bu baxımdan Bəyannamə, təkcə iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinə xidmət etmir, həm də regionda və qlobal miqyasda sabitlik və əməkdaşlığın gücləndirilməsinə töhfə verir.İmzalanmış sənəd bir sıra sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Xüsusilə, energetika, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və turizm sahələri prioritet istiqamətlər kimi qeyd olunur. Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə dəstək verməsi və bu layihədə fəal iştirak etməsi, onun geostrateji mövqeyini daha da gücləndirir.
Bəyannamənin digər mühüm cəhəti isə mədəniyyət və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsidir. Çin və Azərbaycan arasında tələbə mübadiləsi proqramlarının təşviqi, mədəni tədbirlərin təşkil olunması, Çin dili və mədəniyyətinin Azərbaycanda, Azərbaycan dili və mədəniyyətinin isə Çində tanıdılması, xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun inkişafına xidmət edir.Nəticə etibarilə, imzalanmış Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bu, sadəcə diplomatik akt deyil, iki dövlətin ortaq maraqları əsasında gələcəyə yönəlmiş strateji əməkdaşlıq iradəsinin təsdiqidir. Bu sənədin reallaşdırılması, həm Azərbaycan, həm də Çin üçün uzunmüddətli perspektivdə böyük faydalar vəd edir və hər iki ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir. İmzalanan sənəd iqtisadi əməkdaşlıq üçün də yeni perspektivlər açır. Azərbaycan, xüsusilə, Çin ilə ticarət dövriyyəsini artırmaqda, Çinə qeyri-neft məhsullarının ixracını genişləndirməkdə maraqlıdır. Həmçinin, Azərbaycanda Çin sərmayələrinin artması, sənaye parklarında birgə müəssisələrin yaradılması, texnologiya transferi və innovativ layihələrin icrası bu Bəyannamənin iqtisadi hissəsinin əsasını təşkil edir. Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın mühüm tranzit ölkə kimi iştirak etməsi, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələrinin bir hissəsi olması, tərəflər arasında logistik əməkdaşlığın gücləndirilməsini vacib edir.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası¸məsləhətçi