Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı fikirlərini bölüşdü. Prezident qəzadan dərhal sonra gördüyü tədbirlər, baş verən hadisələrin təfərrüatları və Azərbaycan dövlətinin Rusiyadan gözləntiləri haqqında danışdı. Prezident İlham Əliyev qəza barədə məlumatı MDB Zirvə görüşünə gedərkən aldığını və təyyarənin Bakıya qaytarıldığını bildirdi. O, Bakıya çatdığı anda operativ müşavirə keçirdiyini və Dövlət Komissiyasının yaradılması ilə bağlı göstəriş verdiyini vurğuladı. Komissiya üzvləri dərhal Aktau şəhərinə ezam edilib, hadisə yerində müşahidələr aparıb və ilkin sübutları toplayıb. Həkimlərdən ibarət bir qrup da yaralıların müalicəsinə dəstək olmaq üçün hadisə yerinə göndərilib. Azərbaycan Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb və istintaq işlərinə başlanılıb. Prezident hadisənin ilkin təhqiqat nəticələrindən danışaraq vurğuladı ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı yaxınlığında xarici təsirə məruz qalıb. Təyyarə radioelektron müdaxilə nəticəsində idarəolunmaz vəziyyətə düşüb, həmçinin yerdən açılan atəş təyyarənin quyruq hissəsini ciddi şəkildə zədələyib. Təyyarənin gövdəsində aşkarlanan zədələr hadisənin təsadüfi deyil, planlaşdırılmamış olsa belə, ciddi bir qəza olduğunu göstərir. Prezident İlham Əliyev, Rusiyanın bəzi rəsmi dairələrinin “quşlarla toqquşma” və ya “qaz balonu partlaması” kimi qeyri-ciddi versiyalar irəli sürdüyünü, bunun isə məsələnin ört-basdır edilməsi cəhdi olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan tərəfi bu kimi iddiaları qətiyyətlə rədd edir və obyektiv araşdırma tələb edir. Prezident Azərbaycan tərəfinin məsələnin beynəlxalq ekspertlər tərəfindən araşdırılmasının tərəfdarı olduğunu, lakin Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsi vasitəsilə araşdırma təklifini rədd etdiyini bildirdi. Belə bir araşdırmanın obyektivliyinə şübhə yaradan səbəblər göstərən İlham Əliyev, təyyarə istehsalçısı “Embraer” şirkətinin və Braziliya mütəxəssislərinin də işçi qrupda təmsil olunduğunu vurğuladı. Prezident qəza zamanı ekipaj üzvlərinin fədakarlığını xüsusi vurğuladı. Onlar idarəetmə sistemləri sıradan çıxmış təyyarəni qəza enişi etməyə müvəffəq olub və çoxsaylı sərnişinlərin həyatını xilas ediblər. Prezident ekipajın qəhrəmanlığını yüksək qiymətləndirərək, həlak olanlara rəhmət, sağ qalanlara isə şəfa dilədi.
Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan gözləntilərini də açıq şəkildə ifadə etdi. O bildirdi ki, Azərbaycan Rusiyadan üzr istəməyi, məsuliyyəti etiraf etməyi, günahkarları cəzalandırmağı və zərərçəkənlərə təzminat ödəməyi tələb edir. Bu tələblərin beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslandığını vurğulayan Prezident, artıq ilk tələbin – üzr istənilməsinin yerinə yetirildiyini, digər tələblərin isə tezliklə həyata keçirilməsini gözlədiyini qeyd etdi. Prezident İlham Əliyev təhlükəsizlik səbəbilə AZAL-ın Rusiyanın yeddi şəhərinə uçuşlarının, eləcə də Rusiyanın üç şəhərindən Azərbaycana uçuşların dayandırıldığını bildirdi. O, bu qərarın sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyini və uçuşların bərpası məsələsinin Rusiya hava məkanının təhlükəsizlik səviyyəsindən asılı olduğunu qeyd etdi. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də təşəkkür etdi. Qazaxıstan xilasedicilərinin və tibb işçilərinin qəza sonrası göstərdikləri dəstəyi yüksək qiymətləndirərək, bu hadisənin Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirdiyini vurğuladı. Prezident İlham Əliyev qəzanın bütün aspektlərinin obyektiv şəkildə araşdırılacağını, ictimaiyyətin müntəzəm olaraq məlumatlandırılacağını bildirdi. Hadisə ilə bağlı araşdırmalar davam edir və Azərbaycanın tələb etdiyi ədalətli nəticələrin əldə olunması üçün hər cür tədbir görülür. Bakı-Qroznı reysinin pilotları və ekipajı, 2024-cü ilin dekabr ayında mülki aviasiya tarixində öz adlarını əbədiləşdirdilər.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı