AnalitikaGündəmSiyasət

Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vacib addımdır

“Azərbaycan COP29-a ev sahibliyi etməklə həm diplomatik, həm də ekoloji sahədə nüfuzunu bir daha təsdiqlədi. Bu tədbir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin beynəlxalq səviyyədə enerji təhlükəsizliyi, yaşıl enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderliyini nümayiş etdirdi. Sözsüz ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu və iqlim dəyişikliyi ilə mübarizədə fəal rolunu göstərmiş oldu”.

Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın bərpa olunan enerji potensialı COP29-da diqqət mərkəzində oldu. Ölkəmiz Xəzər dənizi və quru ərazilərində ümumilikdə 292 giqavat bərpa olunan enerji ehtiyatlarına malikdir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi COP29 iştirakçılarının xüsusi rəğbətinə səbəb oldu. Eyni zamanda beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələr arasında Cəbrayılda BP ilə Günəş enerji stansiyasının tikintisi, BƏƏ-nin Masdar şirkəti ilə Günəş enerjisi layihəsi və Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti ilə külək enerjisi layihələri xüsusi qeyd olundu. Həmçinin Xəzər dənizindən başlayaraq Qara dəniz dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli layihəsi Azərbaycanın Avropaya yaşıl enerji ixracını təmin edəcək. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyi strategiyasını gücləndirəcək və ölkənin Avropadakı tərəfdaşlarla əməkdaşlığını daha da möhkəmləndirəcək:

“COP29 zamanı Azərbaycan enerji və ekoloji siyasətdə əldə etdiyi uğurları nümayiş etdirdi. Tədbirdə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması təşəbbüsü irəli sürüldü ki, bu da beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vacib addım kimi qiymətləndirildi. Heç şübhəsiz Azərbaycanın “yaşıl enerji” ixracına dair təşəbbüsləri və beynəlxalq tərəfdaşlarla əldə etdiyi razılaşmalar ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək. Xüsusilə BP ilə Səngəçal terminalında dekarbonlaşma layihəsi və yaşıl enerji ixracına yönəlmiş digər təşəbbüslər uzunmüddətli ekoloji strategiyanın əsasını təşkil edir”.

Onun sözlərinə görə, COP29 Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla yanaşı, ölkənin ekoloji, iqtisadi və diplomatik sahələrində yeni perspektivlər açdı. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan həm regional, həm də qlobal səviyyədə davamlı inkişafın təmin edilməsinə töhfə verməkdə davam edir. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə göstərdiyi təşəbbüslər və enerji təhlükəsizliyinə yönəlmiş strategiyaları dünya səviyyəsində yüksək qiymətləndirilir. Gələcəkdə bu layihələr Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasında mühüm rol oynayacaq.

Oxşar Xəbərlər

Back to top button