Mədəniyyət

Bakı metropolitenində bayram tədbirləri keçirilir

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 29-da “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadan bayram şousu başlanıb.

İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaqlar tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.

İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il sovqatı təqdim ediblər. Günün qəhrəmanları uşaqların müşayiəti ilə stansiyanın platformasına enərək burada, daha sonra retro vaqonlardan ibarət qatarda sərnişinlərə bayram təbriklərini çatdırıblar.

Tədbirlər çərçivəsində ənənə halını almış daha bir tədbir keçirilib. Sevilən “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadə bu dəfə də azyaşlı sərnişinlərin görüşünə gələrək, şən zarafatları ilə bayram tədbirlərinə xüsusi ab-hava bəxş edib.

“Bakı Metropoliteni” QSC-nin təqdimatında o, qələmə aldığı “Şuşa”, “Bakı” və “Futbol” adlı kitablarını balaca oxuculara öz imzası və arzuları ilə hədiyyə edib.

Sərnişinlərin diqqətini çəkən ənənəvi daha bir bayram hədiyyəsi retro vaqonlardan ibarət qatarın nümayişidir. Sovet dövrünün ilk metro vaqonu, 1935-ci ildə Moskva metropoliteni istifadəyə verilərkən “A” seriyalı hərəkət tərkibinin baş vaqonu, 1950-ci illərin istehsalı olan “Q” seriyalı, həmçinin Bakı metropolitenində 1967-2009-cu illərdə xətdə olmuş “E” seriyalı vaqonlar da stansiyanın birinci baş yolunda nümayiş olunur. Retro vaqonlar bayram günləri ərzində stansiyada qalacaq və sərnişinlərə burada xatirə şəkilləri çəkdirməyə icazə verilir.

Onu da əlavə edək ki, metropolitenin bayram ovqatı ilə bəzədilmiş daha bir qatarı da xəttə buraxılıb. Bu qatar gün ərzində xətlərdə hərəkət edir.

Bakı metropoliteninin daha bir ənənəvi bayram hədiyyəsi konsert proqramlarıdır. “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarının hər birində milli musiqi üçlüyü və simli kvartetin ifasında 1,5 saat davam edən və bayram ovqatına köklənmiş musiqi parçaları səsləndiriləcək. Proqrama Azərbaycan xalq və bəstəkar, eləcə də dünya musiqisinin incilərindən parçalar daxil edilib.

Onu da əlavə edək ki, dekabr ayının 23-dən Bakı metropoliteninin “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Avtovağzal” və “Koroğlu” stansiyalarının vestibüllərində Yeni ilin gəlişinin rəmzi olan bəzədilmiş şam ağacları sərnişinləri bayram ovqatına kökləyir.

Tədbirlər dekabrın 30-da da davam etdiriləcək.

Oxşar Xəbərlər

Back to top button